
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər çərçivəsində verdiyi bəyanat, Azərbaycan ilə Almaniya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir.
Bu gün imzalanmış sənədlər və qəbul olunmuş Birgə Bəyanat ölkələrimiz arasında strateji dialoqun başlanmasının bariz nümunəsidir. Uzun müddətdir arzulanan bu əməkdaşlıq artıq reallığa çevrilərək, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da dərinləşməsinə geniş imkanlar açır.
Xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar hər iki ölkənin inkişafına mühüm töhfə verəcək. Prezidentin də vurğuladığı kimi, imzalanmış sənədlər gələcəkdə daha fəal əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayacaq və konkret, uğurlu nəticələrlə yadda qalacaq.
Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Cənubi Qafqaz regionunda öz təsirini artırmaqda davam edir. Bu baxımdan Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafı yalnız ikitərəfli çərçivədə deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına da xidmət edir.
Bu əməkdaşlıq modeli eyni zamanda beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsiplərinin nə qədər vacib olduğunu göstərir. Azərbaycanın artan nüfuzu və fəal xarici siyasəti sayəsində ölkəmiz qlobal arenada daha güclü mövqeyə sahib olur və etibarlı tərəfdaş kimi tanınır.
Əminliklə demək olar ki, bu səfər və əldə olunan razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin tarixində yeni bir səhifə açır. Bu isə gələcəkdə daha böyük layihələrin, daha sıx əməkdaşlığın və daha uğurlu nəticələrin əsasını qoyur.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



