
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Keçirilən görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın perspektivləri də geniş müzakirə olundu. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin uğurlu fəaliyyəti ölkədə formalaşmış əlverişli biznes və investisiya mühitinin göstəricisidir.
Enerji sektoru münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl texnologiyalar və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin formalaşıb. Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri Almaniyanın bu sahədəki təcrübəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri də Almaniya şirkətlərinin iştirak edə biləcəyi mühüm istiqamətlərdəndir. Müasir infrastrukturun qurulması, ağıllı şəhər və kənd layihələri, ekoloji təmiz texnologiyaların tətbiqi yeni investisiyalar üçün geniş perspektivlər açır.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan–Almaniya iqtisadi münasibətləri mövcud layihələrlə məhdudlaşmır. İnnovasiya, sənaye, rəqəmsal texnologiyalar, enerji və investisiya sahələrində yeni təşəbbüslərin reallaşdırılması üçün geniş potensial mövcuddur. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi hər iki ölkənin iqtisadi maraqlarına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



