
Azərbaycan xalqının ictimai fikir tarixində silinməz iz qoyan hadisələrdən biri 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlamasıdır. Görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ərsəyə gələn bu qəzet təkcə Azərbaycan dilində nəşr olunan ilk mətbu orqan deyil, həm də xalqın milli oyanışına, elmə və tərəqqiyə aparan yolun başlanğıcı oldu. Məhz buna görə də “Əkinçi” milli jurnalistikamızın təməl daşı hesab edilir.
“Əkinçi”nin meydana çıxdığı dövr Azərbaycan cəmiyyətinin mürəkkəb tarixi mərhələsinə təsadüf edirdi. Savadsızlığın geniş yayıldığı, maarifçiliyin yeni təşəkkül tapdığı bir zamanda ana dilində qəzet nəşr etmək böyük cəsarət tələb edirdi. Həsən bəy Zərdabi bu məsuliyyətli işi öz üzərinə götürərək xalqın maariflənməsinin ən təsirli vasitəsinin məhz mətbuat olduğunu sübut etdi. O, qəzet vasitəsilə insanları elmə, zəhmətə, müasir düşüncəyə və milli birliyə səsləyirdi.
“Əkinçi” öz dövrü üçün tamamilə fərqli bir nəşr idi. Qəzetin əsas məqsədi yalnız hadisələr barədə məlumat vermək deyildi. Onun səhifələrində kənd təsərrüfatının inkişafı, müəllim hazırlığı, xalqın sağlamlığı, ailə tərbiyəsi, təbiətin qorunması, iqtisadi biliklər və cəmiyyətin gündəlik problemləri ilə bağlı faydalı məqalələr dərc olunurdu. Beləliklə, qəzet oxucular üçün həm məlumat mənbəyi, həm də maarifçilik məktəbi rolunu oynayırdı.
Həsən bəy Zərdabi yazılarında xalqın başa düşəcəyi sadə və səlis dildən istifadə etməyə üstünlük verirdi. Onun fikrincə, mətbuat yalnız ziyalılar üçün deyil, bütün cəmiyyət üçün əlçatan olmalı idi. Bu yanaşma “Əkinçi”nin qısa müddətdə geniş oxucu rəğbəti qazanmasına səbəb oldu. Qəzet müxtəlif bölgələrdə oxunur, maarifçi ideyaları yayır və insanları yeniliyə təşviq edirdi.
“Əkinçi”nin nəşri uzun sürməsə də, onun yaratdığı ənənələr Azərbaycan mətbuatının gələcək inkişafına güclü təsir göstərdi. Sonrakı illərdə fəaliyyətə başlayan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və digər qəzet-jurnallar milli mətbuatın inkişafını davam etdirərək Zərdabinin başladığı maarifçilik missiyasını daha geniş miqyasda həyata keçirdilər.
Azərbaycan müstəqillik qazandıqdan sonra “Əkinçi”nin tarixi irsinə xüsusi diqqət yetirildi. Hər il 22 iyul tarixinin Milli Mətbuat Günü kimi qeyd olunması Həsən bəy Zərdabinin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün Azərbaycan mediası müasir texnologiyaların imkanlarından istifadə etsə də, “Əkinçi”nin əsas prinsipləri – cəmiyyətə xidmət, obyektivlik, maarifçilik və milli maraqların qorunması – öz aktuallığını qorumaqdadır.
Rəqəmsal medianın sürətlə inkişaf etdiyi müasir dövrdə “Əkinçi”nin ideyaları daha fərqli formada yaşadılır. Elektron informasiya resursları, xəbər portalları və sosial media platformaları geniş auditoriyaya müraciət etsə də, onların qarşısında duran əsas vəzifə yenə də cəmiyyəti düzgün məlumatlandırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və ictimai maariflənməyə xidmət etməkdir. Bu baxımdan müasir Azərbaycan mediası Həsən bəy Zərdabinin müəyyənləşdirdiyi prinsipləri dövrün tələblərinə uyğun şəkildə davam etdirir.
“Əkinçi” qəzeti Azərbaycan mətbuatının tarixində sadəcə ilk qəzet deyil, milli düşüncənin formalaşmasına təkan verən, xalqı elmə, tərəqqiyə və milli həmrəyliyə səsləyən böyük bir ideya məktəbi olmuşdur. Onun qoyduğu möhkəm təməl üzərində formalaşan milli mətbuat bu gün də dövlətçilik dəyərlərinin qorunmasına, cəmiyyətin inkişafına və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfələr verməkdədir.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatnın fəalı ,264 saylı məktəbin müəllimi



