AnalitikaGündəmSiyasət

Azərbaycan–Slovakiya əlaqələrinin tarixində mühüm mərhələ

Ölkəmiz Avropa dövlətləri ilə münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Slovakiya da bu istiqamətdə Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Son illərdə dövlət başçıları, hökumət nümayəndələri və parlamentlərarası nümayəndə heyətləri arasında intensiv təmaslar iki ölkə arasında siyasi dialoqu daha da möhkəmləndirib. Qarşılıqlı səfərlər hər iki ölkənin iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm təkanverir.

Azərbaycan ilə Slovakiya arasında münasibətlərdə mühüm dönüş nöqtələrindən biri 2024-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması oldu. Bu sənəd iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün möhkəm hüquqi-siyasi baza formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyannamənin icrası artıq real nəticələrlə müşayiət olunur. Siyasi dialoqun intensivləşməsi, müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi strateji tərəfdaşlığın praktik müstəvidə uğurla inkişaf etdiyini göstərir.

Prezident Peter Pelleqrinin Azərbaycana səfəri və Şuşada keçirilən görüşlər Azərbaycan–Slovakiya əlaqələrinin tarixində mühüm mərhələ olmaqla yanaşı, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından əhəmiyyətli nəticələr vəd edir.

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin birgə bəyanatla çıxış etmələri iki ölkə arasında münasibətlərin dinamik inkişafının və strateji tərəfdaşlığın növbəti mühüm təsdiqi kimi qiymətləndirilir. Şuşa şəhərində keçirilən bu görüş həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada aparılan yüksək səviyyəli danışıqlar ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi.

Azərbaycan–Slovakiya ölkələri arasında İqtisadi əməkdaşlıq da siyasi münasibətlərin inkişafı ilə paralel şəkildə genişlənməkdədir. Ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gündəliyində duran əsas məsələlərdəndir. İşgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsi yeni investisiya layihələrinin reallaşmasına şərait yarada bilər.

Azərbaycan və Slovakiya rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə əməkdaşlığın davamlı inkişafına, qarşılıqlı maraqlara əsaslanan münasibətlərin möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Bu yanaşma hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button