
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşada keçirilən görüşü və mətbuata birgə bəyanatları iki ölkə arasındakı əlaqələrin artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Diplomatiyamızın mərkəzinə çevrilən Şuşadan verilən mesajlar sübut edir ki, Azərbaycan-Slovakiya münasibətləri sadəcə rəsmi protokollarla məhdudlaşmır, bilavasitə real əməkdaşlıq layihələrinə əsaslanır.
Dövlət başçımız İlham Əliyevin “Biz konkret işlərin tərəfdarıyıq” fikri bu tərəfdaşlığın əsas xəttini təşkil edir. Bu konkret işlərin ən gözəl nümunələrindən biri Qarabağın yenidənqurma prosesində Slovakiyanın yaxından iştirakıdır. Xüsusilə, Ağdam rayonunun Baş Qərvənd kəndində ən müasir standartlara cavab verən “Ağıllı kənd” layihəsinin məhz Slovakiya şirkəti tərəfindən icra edilməsi iki ölkə arasındakı yüksək etimadın və səmimi dostluğun bariz göstəricisidir.
Bununla yanaşı, Şuşa bəyanatlarında iqtisadi və logistik əlaqələrin gücləndirilməsi istiqamətində də mühüm anonslar verildi. Cari ilin oktyabr ayından etibarən iki ölkə arasında birbaşa hava uçuşlarının başlanması xalqlarımızın gediş-gəlişini asanlaşdırmaqla yanaşı, turizm və biznes əlaqələrini də sürətləndirəcək. Slovakiya Prezidentinin Azərbaycanı regionda ən mühüm strateji tərəfdaş adlandırması, habelə müdafiə sənayesi və qabaqcıl texnologiyalar sahəsində nəzərdə tutulan birgə addımlar əməkdaşlığın miqyasını daha da genişləndirir.
Nəticə etibarilə, Peter Pelleqrininin Şuşaya tarixi səfəri Azərbaycan və Slovakiya dostluğunun yeni və praqmatik inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Bu tərəfdaşlıq həm Qarabağın beynəlxalq quruculuq məkanına çevrildiyini, həm də Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.
Aytac Məhərrəmli
YAP Nizami rayon təşkilatının məsləhətçisi



