Şuşadan dünyaya verilən mesajlar

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunu və Şuşanın qlobal dialoq platforması kimi mövqeyini bir daha nümayiş etdirdi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda dövlət başçısı dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin suallarını açıq və ətraflı cavablandıraraq həm regional, həm də qlobal proseslərə dair Azərbaycanın mövqeyini təqdim etdi. Forumda 53 ölkədən 160 nümayəndənin, o cümlədən onlarla beynəlxalq media qurumu və xəbər agentliyinin iştirakı tədbirin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev çıxışında müasir dövrdə medianın yalnız informasiya ötürən vasitə deyil, həm də sülhün, qarşılıqlı etimadın və beynəlxalq əməkdaşlığın formalaşmasında mühüm rol oynayan təsisat olduğunu vurğuladı. Dövlət başçısı dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarının yaratdığı təhlükələr fonunda həqiqətin qorunmasının medianın əsas vəzifələrindən biri olduğunu qeyd etdi.
Çıxış zamanı Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara da toxunan Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bildirdi. O, ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha diqqətə çatdıraraq bölgədə sabitliyin təmin olunmasının bütün dövlətlərin maraqlarına xidmət etdiyini vurğuladı.
Dövlət başçısı Şuşanın artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq fikir mübadiləsinin və qlobal dialoqun mühüm ünvanına çevrildiyini qeyd etdi. Qısa müddətdə ənənə halını alan Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi öz yerini möhkəmləndirib.
Prezident İlham Əliyevin forum çərçivəsində jurnalistlərlə açıq dialoq aparması Azərbaycanın şəffaf, açıq və konstruktiv ünsiyyətə verdiyi önəmi nümayiş etdirdi. Səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan qlobal informasiya məkanında obyektivliyin, qarşılıqlı hörmətin və həqiqətə əsaslanan jurnalistikanın inkişafını dəstəkləyən ölkələrdən biridir.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, müasir dövrdə informasiya təhlükəsizliyi və etibarlı media qlobal gündəliyin ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın beynəlxalq münasibətlərdə sülh, əməkdaşlıq və həqiqət prinsiplərinə əsaslanan siyasətinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan mesajlarla yadda qaldı.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



