AnalitikaDünyaGündəmSiyasət

Qalib Xalqın Gələcək Nəsillərə Çağırışı: Milli Kimlik və Sarsılmaz İradə

Azərbaycan xalqının son otuz ildə keçdiyi mürəkkəb, lakin şərəfli yol dövlətin və millətin sarsılmaz iradəsinin göstəricisidir. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı işğal, müharibə və müharibədən sonrakı dövrlərdə Azərbaycan xalqına ünvanladığı müraciətlərin ana xəttini xatırlatmışdır. İşğal dövründə köçkünlərlə görüşlər zamanı əsas məqsəd insanların ümidlərini itirməməsi, iradələrini möhkəm tutması və doğma torpaqlara qayıdacaqlarına inanmaları idi. Vətəndaşlarımız 17 il ərzində bu inamı qoruyub saxladılar və o böyük gün gəlib çatdı. Müharibədən sonrakı dövr də çox çətin oldu, çünki dünya birliyindəki bəzi dairələr Azərbaycanın qələbəsini yarımçıq etməyə, ölkəni asılı vəziyyətdə saxlamağa çalışırdılar. Lakin xalqın inamı və dövlətin qətiyyəti sayəsində bütün bu fitnələrin qarşısı alındı.

Bu tarixi sınaqlar bir fundamental həqiqəti ortaya qoydu: Azərbaycan xalqı ancaq özünə və dövlətinə güvənməlidir. Dövlət başçısı qeyd etmişdir ki, keçmişdə ölkəmizin çox böyük təbii sərvətləri olsa da, müstəqil olmadığımız üçün onlar xalqın inkişafına xidmət etməmiş, əksinə ərazilərimiz viran qalmışdır. Bu gün isə Azərbaycan cəmiyyətində ürəkdən və zehindən gələn, iki çayın bir yerə birləşməsini xatırladan nadir bir birlik mövcuddur. Lakin dünya sürətlə dəyişir, yeni təhdidlər və təxribatlar ortaya çıxır. Bizi istəməyən qüvvələr heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklər, buna görə də hüquqlarımızı, milli kimliyimizi və müstəqilliyimizi qorumaq üçün mübarizəmiz daimi olmalıdır. Kiminsə qanadının altına sığınmağa çalışan ölkələr isə nəticə etibarilə böyük oyunların qurbanlarına çevrilirlər.

Gələcəyə yönəlmiş ən böyük strateji hədəf məhz bu əyilməz milli ruhun qorunmasıdır. Xalqımız işğalı, dağıntıları gördüyü kimi, bu gün Zəfəri və dirçəliş dövrünü də görür. Prezidentin gənc nəslə, gələcək 20, 30, 50 il sonranın vətəndaşlarına müraciəti ondan ibarətdir ki, milli kimlik və milli ləyaqət hər şeydən üstün olmalıdır. Nəyin bahasına olursa-olsun işğalçı ilə razılaşmaq, onun diktəsi ilə oturub-durmaq olmaz; gərək həmişə ləyaqətlə yaşayasan və sınmayasan. Məhz bu mətin, iradəli və güclü gənc nəsil sayəsində Azərbaycan hər zaman qalib və qürurlu xalq kimi yüksəklərdə yaşayacaqdır.

Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button