
İndiki dövrdə heç vaxt adi məişət vərdişlərimiz bu qədər “strateji” əhəmiyyət kəsb etməmişdi. Səhər qəhvə içmək artıq “günün məhsuldarlığına verilən start”dır. Dostlarla edilən adi bir söhbət “networking”, uzanıb dincəlmək isə “zehni və fiziki enerjinin bərpası üzrə planlı istirahət prosesi” adlandırılır. Sosial media bizi inandırıb ki, yaşadığımız hər anın, atdığımız hər addımın arxasında dərin bir məna, böyük bir karyera hədəfi olmalıdır. Biz artıq həyatı yaşamırıq, onu auditoriya üçün “səhnələşdiririk”.
Digər məqam uzun və mürəkkəb cümlə quranların avtomatik olaraq “ağıllı” hesab edilməsidir. Halbuki, əsl zəka mürəkkəbliyi sadələşdirmək bacarığındadır. Eynşteynə aid edilən məşhur bir fikir var: “Bir şeyi altı yaşlı uşağa izah edə bilmirsinizsə, deməli, özünüz də onu tam anlamamısınız”.
Bu gün isə trend tam tərsinədir. İnsanlar məzmun boşluğunu terminlərlə, ard-arda düzülmüş mürəkkəb və yorucu cümlələrlə, korporativ dilin anlaşılmaz parıltısı ilə doldurmağa çalışırlar. Məzmunun dayazlığını formanın mürəkkəbliyi ilə pərdələmək ən asan manipulyasiya üsuluna çevrilib. Çünki cəmiyyət çox vaxt anlamadığı şeyi sorğulamağa çəkinir və onu uca qəbul edir.
Bu tendensiya həm də cəmiyyətin dəyər meyarlarına zərbə vurur. Biz həqiqi iş görənlərdən çox, gördüyü kiçik bir işi böyük bir “uğur hekayəsi” kimi təqdim edənləri alqışlayırıq. Nəticədə isə hər kəsin bir-birinə nəsə “satmağa” çalışdığı, süni motivasiya cümlələri ilə dolu bir informasiya zibilliyi yaranır. Həqiqi duyğular, sadə insani hallarımız rəqəmsal dünyanın alqoritmik filtrindən keçə bilmədiyi üçün sıxışdırılıb çıxarılır.
Paylaşdığım şəkil bizə xatırladır ki, bəzən sadəcə “uzanmaq” lazımdır. Nə PR üçün, nə də kimsə bizi alqışlasın deyə. Dünyanın ən böyük lüksü artıq olduğu kimi görünmək, fikrini ən qısa, ən təbii yolla (“uzandım”) ifadə etmək cəsarətidir…
Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini




