
Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son illərdə təkcə ənənəvi enerji sahəsində deyil, bərpaolunan enerji istiqamətində də yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyada yaşıl enerji keçidinin sürətləndiyi, iqlim dəyişiklikləri ilə mübarizənin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi bir dövrdə Azərbaycan bu sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrlə Avropa İttifaqının etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Qarşılıqlı siyasi iradə və uzunmüddətli əməkdaşlıq perspektivləri yaşıl enerji sahəsində yeni imkanların formalaşmasına zəmin yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik.” Bu fikirlər göstərir ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq artıq yalnız neft və təbii qaz ixracı ilə məhdudlaşmır, həm də gələcəyin enerji mənbələri üzərində qurulan yeni strateji tərəfdaşlıq mərhələsinə daxil olur.
Azərbaycan zəngin bərpaolunan enerji potensialına malik ölkələrdən biridir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Abşeron yarımadası və Xəzər dənizi hövzəsi günəş və külək enerjisi baxımından əlverişli imkanlara sahibdir. Bu potensialdan səmərəli istifadə olunması ölkənin enerji balansının şaxələndirilməsinə, karbon emissiyalarının azaldılmasına və yaşıl iqtisadiyyatın inkişafına mühüm töhfə verir.
Son illərdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bərpaolunan enerji sektoruna iri həcmli xarici investisiyalar cəlb olunub. Dünyanın aparıcı enerji şirkətləri ilə imzalanmış müqavilələr Azərbaycanın yaşıl enerji strategiyasına beynəlxalq etimadın göstəricisidir. Bu layihələr həm daxili enerji istehsalının artırılmasına, həm də gələcəkdə yaşıl elektrik enerjisinin ixracına geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində ölkəyə səkkiz giqavat həcmində günəş və külək enerjisi istehsal etmək imkanı verəcək. Bu göstərici Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edir. Daha mühüm məqam isə ondan ibarətdir ki, bu rəqəm yalnız artıq imzalanmış müqavilələrə əsaslanır. Gələcəkdə yeni layihələrin həyata keçirilməsi ilə yaşıl enerji istehsalının daha da artacağı gözlənilir.
Səkkiz giqavatlıq əlavə enerji gücü Azərbaycanın daxili elektrik enerjisi tələbatının əhəmiyyətli hissəsini bərpaolunan mənbələr hesabına təmin etməyə imkan verəcək. Bunun nəticəsində təbii qazdan daxili istehlak məqsədilə istifadə azalacaq, qənaət olunan qaz isə ixrac üçün əlavə resurs yaradacaq. Bu yanaşma həm iqtisadi səmərəliliyi artırır, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinə əlavə töhfə verir.
Azərbaycanın yaşıl enerji strategiyasında ötürücü infrastrukturun inkişafı xüsusi yer tutur. Mövcud elektrik ötürmə xətlərinin modernləşdirilməsi, yeni yüksək gərginlikli xətlərin tikilməsi və regional enerji şəbəkələrinin genişləndirilməsi yaşıl enerjinin etibarlı şəkildə istehlakçılara çatdırılmasına imkan yaradacaq. Bu infrastruktur gələcəkdə Azərbaycanın istehsal etdiyi yaşıl elektrik enerjisinin xarici bazarlara, xüsusilə Avropa istiqamətinə ixracını da asanlaşdıracaq.
Avropa Komissiyası üçün də Azərbaycan bu istiqamətdə mühüm strateji tərəfdaş hesab olunur. Avropa İttifaqı karbon neytrallığı hədəflərinə nail olmaq üçün bərpaolunan enerji mənbələrinin payını artırmağa çalışır. Azərbaycanın zəngin təbii potensialı, müasir enerji infrastrukturu və həyata keçirdiyi investisiya layihələri bu məqsədlərin reallaşdırılmasına mühüm dəstək verir.
Yaşıl enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. Günəş və külək elektrik stansiyalarının tikintisi atmosferə atılan karbon emissiyalarının azalmasına, ekoloji tarazlığın qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edir. Bu layihələr Azərbaycanın qlobal iqlim təşəbbüslərinə verdiyi töhfəni daha da gücləndirir.
Eyni zamanda, bərpaolunan enerji layihələri ölkədə yeni sənaye sahələrinin formalaşmasına, minlərlə yeni iş yerinin yaradılmasına, innovativ texnologiyaların tətbiqinə və yüksək ixtisaslı kadr hazırlığının genişlənməsinə şərait yaradır. Bu isə yaşıl iqtisadiyyatın inkişafını sürətləndirməklə yanaşı, qeyri-neft sektorunun da möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın enerji siyasəti artıq ənənəvi enerji resursları ilə yaşıl enerji potensialının səmərəli vəhdətinə əsaslanır. Bu yanaşma ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir və onu Avropanın uzunmüddətli enerji strategiyasının mühüm iştirakçılarından birinə çevirir.
Bərpaolunan enerji sahəsində Azərbaycan ilə Avropa Komissiyası arasında formalaşan əməkdaşlıq münasibətlərin yeni strateji istiqamətini müəyyənləşdirir. Günəş, külək və su elektrik enerjisi layihələrinin genişləndirilməsi, ötürücü infrastrukturun inkişafı, iri investisiyaların cəlb edilməsi və yaşıl elektrik enerjisinin ixrac perspektivləri tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır. Qarşılıqlı siyasi iradə və ortaq maraqlar bu əməkdaşlığın uzunmüddətli, dayanıqlı və hər iki tərəf üçün faydalı nəticələr verəcəyini göstərir.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi


