
Müstəqil Azərbaycan dövlətinin ən mühüm nailiyyətlərindən biri güclü, peşəkar və müasir milli ordunun formalaşdırılmasıdır. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ərazi bütövlüyünün qorunması, milli təhlükəsizliyin təmin edilməsi və etibarlı müdafiə sisteminin yaradılması idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı üçün möhkəm təməl yaradıldı. Bu siyasət Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında layiqli yerini tutdu.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü nəticəsində ordu quruculuğunda ciddi problemlər mövcud idi. Vahid komandanlığın olmaması, nizamsız silahlı dəstələrin fəaliyyəti və idarəetmədəki çatışmazlıqlar ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və dövlət quruculuğu prosesinin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Məhz həmin dövrdən başlayaraq peşəkar ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizamsız silahlı birləşmələr ləğv edildi, hərbi intizam gücləndirildi, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə əldə olunan atəşkəs ordunun daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlverişli imkan yaratdı. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi, zabit kadrlarının hazırlanması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi də bu dövrün mühüm nailiyyətləri oldu.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət büdcəsində müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı, ən müasir silah və hərbi texnikalar alınaraq Silahlı Qüvvələrin arsenalına daxil edildi. Yerli müdafiə sənayesi inkişaf etdirildi, yeni hərbi hissələr, poliqonlar və təlim mərkəzləri yaradıldı. Ordunun maddi-texniki təminatı, şəxsi heyətin sosial müdafiəsi və döyüş hazırlığı daim diqqət mərkəzində saxlanıldı.
Azərbaycan Ordusunda aparılan islahatlar yalnız silahlanmanın yenilənməsi ilə məhdudlaşmadı. Komanda-idarəetmə sistemi müasirləşdirildi, xüsusi təyinatlı qüvvələrin hazırlığı gücləndirildi, döyüş hazırlığı NATO standartlarına uyğun təkmilləşdirildi. Türkiyə ilə hərbi əməkdaşlıq yeni mərhələyə yüksəldi, mütəmadi keçirilən birgə təlimlər ordunun peşəkarlığının daha da artmasına mühüm töhfə verdi.
2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun artan gücünü və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu uğurlar göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir və işğal altındakı torpaqların azad olunması üçün bütün imkanlara malikdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni qəhrəmanlıq salnaməsi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində nümunə kimi qiymətləndirilən uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının və yüksək peşəkarlığın tətbiqi nəticəsində düşmənin uzun illər ərzində qurduğu istehkamlar qısa müddətdə yarıldı.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Suqovuşan, Murovdağ yüksəkliyi və yüzlərlə kənd işğaldan azad edildi. Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad olunması Vətən müharibəsinin taleyini həll edən ən mühüm hadisə oldu. Şuşa Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu.
Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun peşəkarlığının, xalq-iqtidar birliyinin, güclü iqtisadiyyatın və uzun illər həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsi idi. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli qürur, dövlətçilik iradəsi və xalqımızın sarsılmaz birliyinin təntənəsi oldu.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, qanunsuz silahlı birləşmələr tərksilah olundu və Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Beləliklə, dövlətimizin suverenliyi tam şəkildə təmin olunaraq yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuz ən müasir silah və texnika ilə təchiz edilir, peşəkar kadr potensialı davamlı olaraq gücləndirilir, müdafiə sənayesi inkişaf etdirilir və beynəlxalq hərbi əməkdaşlıq genişlənir. Azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması, müasir infrastrukturun qurulması və sərhədlərin etibarlı mühafizəsi dövlətimizin müdafiə potensialını daha da artırır.
Azərbaycan xalqı qəhrəman şəhidlərinin əziz xatirəsini daim böyük ehtiramla yad edir, qazilərimizin şücaətini yüksək qiymətləndirir. Onların göstərdikləri igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi, milli qürur mənbəyidir.
Müstəqil Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlar, həyata keçirilən ardıcıl islahatlar və əldə olunan nailiyyətlər ölkəmizin milli təhlükəsizliyinin etibarlı təminatına çevrilmişdir. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər və dövlət suverenliyinin tam bərpası sübut etdi ki, güclü dövlətin əsas dayaqlarından biri məhz güclü ordudur. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı qarantı olaraq öz şərəfli missiyasını layiqincə davam etdirəcəkdir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



