AnalitikaGündəmOrdu

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

Azərbaycanda müasir ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. O, müstəqilliyin ən ağır dövründə ordunun təşkilati əsaslarını yaratdı, vahid komandanlıq sistemini formalaşdırdı, peşəkar kadr hazırlığına və hərbi intizama xüsusi önəm verdi. Sonrakı dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, ordunun texniki və peşəkar potensialı daha da gücləndirildi. 2020-ci ildə qazanılan Zəfər isə təsadüfi hadisə deyil, illərlə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, peşəkar ordunun və xalq–ordu birliyinin məntiqi nəticəsi idi. Vətən müharibəsi sübut etdi ki, Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu strategiyası Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində və tarixi ədalətin bərpasında həlledici rol oynamışdır.

Güclü ordunun varlığı dövlətin xarici siyasətdə sərbəst manevr etmək imkanlarını genişləndirir. Ordusu zəif və ya başqa güclərin himayəsinə möhtac olan dövlətlər mühüm geosiyasi qərarlar qəbul edərkən mütləq şəkildə kənar diktələri nəzərə almalı olurlar. Müstəqil ordu isə dövlət rəhbərliyinə xalqın və ölkənin maraqlarına uyğun olan qərarları heç kəsdən çəkinmədən, qətiyyətlə vermək cəsarəti qazandırır. Başqa sözlə, hərbi qüdrət diplomatik masada dövlətin səsini daha gur və eşidilən edir. Ordu sadəcə texnika, silah və hərbi taktikaların cəmi deyil. O, həm də cəmiyyəti birləşdirən, vətəndaşlıq şüurunu formalaşdıran sosio-mədəni bir institutdur.

Gənclərin eyni amal uğrunda bir araya gəlməsi, çətinlikləri birlikdə dəf etməsi milli birliyin əsasını qoyur. Məhz ordular içərisində dünyaya əsil vətənpərvərlik və vahid komandanlığın sübutunu yetirən təbii ki, bizim ordudur.Buna nümunə olaraq 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu.

Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmiş, iqtisadi qüdrəti artmış və bu imkanlar ordumuzun daha da gücləndirilməsinə yönəldilmişdir. Dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz edilmiş, dünyanın qabaqcıl hərbi təcrübələri ölkəmizdə tətbiq olunmuşdur.

Prezident İlham Əliyev yalnız güclü siyasi lider deyil, həm də ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük töhfələr vermiş Ali Baş Komandandır. Onun qətiyyətli siyasəti, milli maraqlara əsaslanan fəaliyyəti və yüksək liderlik keyfiyyətləri Azərbaycan dövlətinin güclənməsində mühüm rol oynamışdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirmiş, regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button