
2021-ci il iyunun 15-i Azərbaycan və Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalmışdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldərək regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklərə səbəb olmuşdur.
Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Günündə imzalanması xüsusi rəmzi məna daşıyır. Çünki 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın müstəqilliyinin qorunmasını və dövlətçiliyin möhkəmləndirilməsini təmin etmişdi. 28 il sonra həmin tarixdə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə ən yüksək səviyyədə təsdiqi oldu.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərini əhatə edən mühüm siyasi sənəddir. Bəyannamədə iki dövlət arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın artırılması, nəqliyyat-kommunikasiya layihələrinin inkişaf etdirilməsi, müdafiə sənayesi və hərbi əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər öz əksini tapmışdır.
Sənədin ən mühüm müddəalarından biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla bağlıdır. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya təcavüz baş verdiyi halda qarşılıqlı məsləhətləşmələr aparacaq və BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə yardım göstərəcəklər. Bu müddəa Azərbaycan və Türkiyə arasında münasibətlərin müttəfiqlik xarakterini hüquqi əsaslarla təsbit edən mühüm mexanizm hesab olunur.
Şuşa Bəyannaməsi 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin siyasi nəticələrindən biri kimi də qiymətləndirilir. 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaş ölkələr arasındakı birliyin nə qədər möhkəm olduğunu nümayiş etdirmişdir.
Bəyannamədə iqtisadi əməkdaşlıq məsələlərinə də geniş yer ayrılmışdır. Azərbaycan və Türkiyə enerji sahəsində uzun illərdir uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və digər strateji layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişləndirilməsini və yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da sənədin əsas istiqamətlərindən biridir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi Türk dünyasının inteqrasiyası baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə ilə birbaşa quru əlaqəsinin formalaşmasına, regionda iqtisadi əlaqələrin genişlənməsinə və beynəlxalq yükdaşımaların artmasına xidmət edir.
Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında münasibətləri tənzimləyən sənəd deyil, eyni zamanda Türk dünyasının birliyi baxımından da mühüm əhəmiyyətə malikdir. Sənəddə Türk dünyasının inkişafına, ortaq tarixi-mədəni irsin qorunmasına və türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan bəyannamə Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsinə töhfə verən mühüm siyasi platforma rolunu oynayır.
Mədəniyyət, təhsil, elm, gənclər siyasəti və humanitar sahələrdə əməkdaşlıq da sənədin vacib istiqamətlərindəndir. Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, dil, din və mədəni dəyərlər birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir və Şuşa Bəyannaməsi həmin əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açır.
Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkənin gələcək inkişaf strategiyalarının uzlaşdırılmasını, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişləndirilməsini və regional təhlükəsizliyin təmin olunmasını nəzərdə tutur. Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirərək beynəlxalq ictimaiyyətə güclü siyasi mesaj vermişdir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqliyin əsas hüquqi-siyasi sütunlarından biri hesab olunur. Sənəd iki dövlətin ortaq maraqlar ətrafında daha sıx birləşdiyini, qarşılıqlı dəstək və həmrəylik prinsipinə sadiq qaldığını göstərir. Şuşada imzalanmış bu tarixi bəyannamə “Bir millət, iki dövlət” fəlsəfəsinin praktiki təcəssümü olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə ötürüləcək ən mühüm siyasi irslərindən biri kimi tarixdə qalacaqdır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



