AnalitikaGündəmSosial

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.

Müstəqilliyin ilk illərində Azərbaycan çətin və mürəkkəb dövrdən keçirdi. Ölkədə siyasi gərginlik hökm sürür, iqtisadi vəziyyət ağırlaşır, insanlar gələcəklə bağlı narahatlıq keçirirdilər. Belə bir vaxtda xalqın güvəndiyi və böyük ümid bəslədiyi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində mühüm dəyişiklik yaratdı.

Onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkədə yaranmış qarışıqlığın qarşısı alındı, dövlətçiliyin qorunması istiqamətində mühüm işlər görüldü. İnsanlarda gələcəyə inam yarandı və ölkənin inkişafı üçün yeni mərhələnin əsası qoyuldu.

Milli Qurtuluş Günü bu gün də xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur. Çünki həmin gün Azərbaycanı ağır vəziyyətdən çıxaran və müstəqilliyimizin qorunmasına imkan yaradan tarixi hadisələrin başlanğıcı hesab edilir.

Bu gün biz güclü və müstəqil dövlətdə yaşayırıqsa, bunda Milli Qurtuluş Gününün və həmin dövrdə qəbul edilmiş mühüm qərarların xüsusi rolu vardır. Buna görə də 15 İyun hər bir azərbaycanlı üçün birlik, həmrəylik və dövlətçilik rəmzi kimi böyük əhəmiyyət daşıyır.

Heydər Əliyevin Bakıya qayıdışı məhz belə bir vaxtda insanların ürəyinə su səpdi. O, sadəcə bir rəhbər kimi yox, xalqın böyük ümidi kimi gəldi. Bütün məsuliyyəti öz üzərinə götürərək, ilk növbədə daxili sabitliyi təmin etdi. Silahlı qarşıdurmalara son qoyuldu, cəbhədə atəşkəs imzalandı və insanlar neçə vaxtdan sonra ilk dəfə rahat nəfəs almağa başladılar.

Əgər o illərdə o çətin sınaqdan keçə bilməsəydik, bu gün nə güclü iqtisadiyyatımızdan, nə dünyadakı nüfuzumuzdan, nə də ən əsası, illər sonra qazandığımız şanlı Qarabağ Zəfərindən danışa bilərdik. Bu gün addımladığımız azad, bütöv və qürurlu Azərbaycanın təməli məhz o çətin günlərdə qoyuldu.

Sözün qısası, Milli Qurtuluş Günü bizə bir şeyi çox yaxşı öyrətdi: müstəqilliyi qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq ondan qat-qat çətindir və böyük iradə tələb edir. Bu gün hər birimizin üzərinə düşən vəzifə isə bizə əmanət olunan bu müstəqil, güclü dövləti qorumaq və daha da irəli aparmaqdır.

Mələk Mahmudlu,
YAP Xətai rayon təşkilatı fəalı

Oxşar Xəbərlər

Back to top button