
İyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi baş tutdu. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinin keçdiyi inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən və gələcək hədəflərdən ətraflı bəhs etdi.
Azərbaycanın müasir enerji tarixinin başlanğıcı kimi qiymətləndirilən Xəzər Neft və Qaz Sərgisi ötən onilliklər ərzində regional tədbirdən qlobal enerji platformasına çevrilib. Prezident İlham Əliyev bildirdi ki, məhz bu tədbirlər çərçivəsində Azərbaycanın enerji potensialının beynəlxalq aləmə təqdim olunması və xarici sərmayələrin cəlb edilməsi mümkün olub. 1996-cı ilin iyununda imzalanmış “Şahdəniz” müqaviləsi isə ölkənin qaz sənayesində yeni dövrün əsasını qoyaraq Azərbaycanın beynəlxalq enerji bazarında mövqelərini daha da gücləndirib.
Dövlət başçısı çıxışında qlobal enerji siyasətində müşahidə olunan dəyişikliklərə də toxundu. O qeyd etdi ki, son illər neft və qaz istehsalçısı olan ölkələrə qarşı aparılan qərəzli kampaniyalar enerji sektorunun əhəmiyyətini kölgə altına almağa çalışsa da, reallıq tamamilə fərqlidir. Dünya iqtisadiyyatının və sənayesinin inkişafı üçün enerji resursları həyati əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyev enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında tarazlığın qorunmasının vacibliyini xüsusi qeyd edərək praqmatik yanaşmanın zəruriliyini ön plana çəkdi.
Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər enerji siyasətinin formalaşmasında mühüm rol oynayıb. 1990-cı illərin əvvəllərində ölkə iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, Ermənistanın işğalı nəticəsində yaranmış humanitar böhran və enerji çatışmazlığı ilə üz-üzə idi. Belə bir şəraitdə təbii sərvətlərin səmərəli istifadəsi Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətinə çevrildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin gələcək inkişafının təməlini qoydu və Azərbaycanı beynəlxalq enerji bazarının mühüm iştirakçısına çevirdi.
Ötən otuz il ərzində enerji gəlirlərinin düzgün idarə olunması nəticəsində Azərbaycan böyük sosial-iqtisadi uğurlara nail olub. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, işsizlik minimum həddə enib, ölkənin valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Xarici borcun ümumi daxili məhsula nisbəti dünyanın ən aşağı göstəricilərindən biri hesab olunur. Dövlət Neft Fondu vasitəsilə formalaşdırılmış maliyyə ehtiyatları ölkənin iqtisadi təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib.
Prezident İlham Əliyev enerji resurslarından əldə olunan gəlirlərin yalnız iqtisadi inkişaf üçün deyil, həm də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istifadə olunduğunu bildirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan güclü ordu quraraq torpaqlarını işğaldan azad edib və ərazi bütövlüyünü bərpa edib. Bu fakt təbii sərvətlərin milli maraqlara uyğun düzgün idarə edilməsinin ən bariz nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri ölkəni Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevirib. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu coğrafiyanın daha da genişlənəcəyi gözlənilir.
Azərbaycanın enerji strategiyası yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Son illər ölkə bərpaolunan enerji sahəsində də mühüm addımlar atır. Günəş və külək enerjisi layihələrinə milyardlarla dollar həcmində investisiyalar cəlb olunub. Planlara əsasən, 2027-ci ilin sonuna qədər bərpaolunan enerji üzrə quraşdırılmış güc 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən hidroenerji layihələri də Azərbaycanın yaşıl enerji potensialını əhəmiyyətli dərəcədə artırır.
Eyni zamanda, Azərbaycan yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində mühüm layihələr həyata keçirir. Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Bundan başqa, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yeni enerji bağlantılarının yaradılması və Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tranzit imkanlarından da danışdı. Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti, yeni dəmir yolu və avtomobil yolu layihələri ölkənin beynəlxalq logistika mərkəzinə çevrilməsinə şərait yaradıb. Bu baxımdan Zəngəzur dəhlizinin açılması da regionun iqtisadi və nəqliyyat xəritəsində yeni imkanlar yaradacaq strateji layihə kimi qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların əsas səbəblərindən biri kimi balanslaşdırılmış xarici siyasəti və fəal diplomatiyanı göstərdi. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarması yalnız qonşu və tərəfdaş dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sayəsində mümkün olub. Bu gün Azərbaycanın təşəbbüsü ilə formalaşmış enerji əməkdaşlığı platformaları regional sabitliyin və iqtisadi inkişafın mühüm sütunlarından birinə çevrilib.
Beləliklə, “Bakı Enerji Həftəsi” bir daha göstərdi ki, Azərbaycan təkcə enerji resurslarının sahibi deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, yeni enerji marşrutlarının yaradılmasında və yaşıl keçidin həyata keçirilməsində mühüm rol oynayan məsuliyyətli tərəfdaşdır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın enerji siyasətinin əsas fəlsəfəsini – milli maraqlara söykənən inkişafı, beynəlxalq əməkdaşlığı və gələcəyə hesablanmış strateji baxışı bir daha nümayiş etdirdi.
Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri



