AnalitikaGündəmSiyasət

Azərbaycanın Enerji Gücü: Neft və Qaz Strategiyasının Uğurlu Nəticələri

Azərbaycan əsrlər boyu yeraltı sərvətləri, xüsusilə də zəngin neft və qaz qaynaqları ilə tanınan qədim bir odlar diyarıdır. Ölkəmizin müstəqil dövlət kimi ayaqda durmasında və dünya gücləri arasında özünəməxsus yer tutmasında bu yanacaq ehtiyatları hər zaman həlledici rol oynamışdır. Keçən əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uzaqgörən neft strategiyası, bu gün Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilir. Azərbaycan bu sahədə apardığı ağıllı və çevik siyasətlə təkcə özünün iqtisadi gələcəyini təmin etməmiş, həm də uzaq ölkələrin qış aylarında istilik və işıq ehtiyacını qarşılayan əsas qapılardan birinə çevrilmişdir. Müasir Azərbaycanın qazanc və güc xəttinin təməli 1994-cü ildə bağlanan tarixi “Əsrin Müqaviləsi” ilə qoyulmuşdur. Bu böyük addım kənar dövlətlərin və nəhəng şirkətlərin ölkəmizə inamını artıraraq Xəzər dənizinin altındakı yataqların genişmiqyaslı işlənməsinə yol açdı. İlk illərdə çıxarılan ilkin neftin dünya bazarına təhlükəsiz daşınması üçün şimal və qərb marşrutları seçildi. Bu məqsədlə Bakı-Novorossiysk xətti bərpa edildi, çox keçmədən, Bakı-Supsa boru kəməri tam gücü ilə işə salındı. Bu erkən xətlər ölkəyə ilkin qazancları gətirməklə daha böyük layihələrin həyata keçirilməsinə yol açdı. Neftin irihəcmli satışı üçün isə 1999-cu ildə əsas ixrac boru kəməri sayılan Bakı-Tbilisi-Ceyhan sazişinin imzalannası ilə Bakı nefti birbaşa Aralıq dənizinə çıxarıldı.

Neft sahəsində qazanılan böyük uğurların ardınca Azərbaycan özünün qaz potensialını da uğurla işə saldı. 1996-cı ildə “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanması ölkəni qaz satan böyük bir gücə çevirmək üçün ilk hüquqi təməl oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə Azərbaycan neftinin dünya bazarlarına çıxışını təmin etdi. Qazın daha uzaq bazarlara daşınması məqsədilə isə fərqli boru kəməri sazişləri reallaşdırıldı. Bu sıradan Trans-Anadolu və Trans-Adriatik boru xətlərinin inşasına dair dövlətlərarası müqavilələr imzalandı. Bu iki mühüm qolun birləşməsindən yaranan Cənub Qaz Dəhlizi tam gücü ilə işə düşərək Azərbaycan qazını birbaşa Qərb yarımkürəsinin alıcı bazarlarına çatdırmağa başladı . Bunlardan başqa, ölkəmiz regional əməkdaşlıq çərçivəsində Bakı-Astara qaz xətti vasitəsilə qonşu dövlətlərlə də qaz mübadiləsi sazişlərini uğurla həyata keçirir.
Azərbaycan mövcud yataqlarla kifayətlənməyərək yeni-yeni yeraltı qaynaqların axtarışını fəal şəkildə davam etdirir. Belə ki, “Şafaq-Asiman” və “Dayaz Sulu Abşeron” kimi yeni yataq sahələrinin öyrənilməsi və kəşfiyyatı üçün beynəlxalq qurumlarla mühüm müqavilələr imzalandı. Son illərdə ABŞ-ın nəhəng şirkətləri ilə bağlanan yeni strateji anlaşma sənədləri yerdəki fərqli və çətin çıxarılan qeyri-ənənəvi yanacaq layihələrinin öyrənilməsinə geniş imkanlar yaratdı. Bu addımlar ölkənin neft-qaz ömrünü daha da uzadır və gələcək nəsillər üçün dəyişməz bir qazanc zəmanəti formalaşdırır. Dövlət şirkətimiz olan SOCAR isə kənar ölkələrdə də böyük zavodlar və satış şəbəkələri quraraq Azərbaycanın adını qlobal yanacaq bazarında möhkəmləndirir.

Bu günlərdə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılışındakı bəyanatları, mətndə toxunduğumuz yeraltı sərvətlər və kəmərlər mövzusunu tam mənası ilə tamamlamaqla sübut etdi ki, Azərbaycanın 1994-cü ildə başlayan neft və qaz müqavilələri xətti tükənmir; əksinə, ölkəmiz yeraltı karbohidrogen gücündən aldığı iqtisadi müstəqillik sayəsində indi özü kənar bazarlarda qaydaları diktə edən qlobal sərmayədar rolunda çıxış edir. Bundan başqa, forumdakı çıxışda boru xətləri strategiyasının yeni bir qolu olan transmilli ötürücü naqillər barədə də məlumat verildi. Qara dənizin dibi ilə çəkiləcək xəttin texniki əsaslandırma işlərinin bitmək üzrə olduğu və eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı qurudan birləşdirəcək elektrik kabelinin də icra mərhələsinə keçdiyi bildirildi.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın neft və qaz siyasəti sadəcə yerdən yanacaq çıxarıb satmaq işi deyil, dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və siyasi çəkisinin qorunması hədəf xəttidir. Keçmişdən gələn zəngin miras bu gün doğru idarəetmə və illər ərzində bağlanan möhkəm sazişlər sayəsində ölkəmizi dünya güclərinin hesablaşdığı əsas tərəfdaşlardan birinə çevrilmişdir. Azərbaycan öz neft- qaz sərvətlərindən gələn böyük güclə gələcəyə daha inamla baxır və öz ayaqları üzərində möhkəm dayanan güclü bir dövlət kimi irəliləyir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Oxşar Xəbərlər

Back to top button