AnalitikaGündəmSiyasət

Enerji təhlükəsizliyi

Qlobal miqyasda enerji məsələləri artıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır, eyni zamanda dövlətlərin təhlükəsizliyi və siyasi sabitliyi ilə sıx bağlı olan strateji amilə çevrilib. Dünyanın müxtəlif regionlarında baş verən geosiyasi proseslər, enerji daşıyıcılarına artan tələbat və təchizat marşrutlarında yaranan risklər enerji təhlükəsizliyini beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirib. Bu şəraitdə Azərbaycan sabit və etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib.

Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi enerji strategiyası ölkənin regional və qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən iri layihələr ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsinə də xidmət edib. “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni enerji siyasəti sonrakı dövrdə Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri, eləcə də Cənub Qaz Dəhlizi kimi layihələrlə daha da genişlənib. Bu layihələr Azərbaycanın enerji resurslarının təhlükəsiz və davamlı şəkildə qlobal bazarlara çatdırılmasına imkan yaradıb.

Son illərdə Avropada enerji təminatı məsələlərinin aktuallaşması Azərbaycanın əhəmiyyətini daha da artırıb. Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirdiyi bir vaxtda Azərbaycan etibarlı qaz təchizatçısı kimi ön plana çıxıb. Bu gün Azərbaycan qazı bir sıra Avropa dövlətlərinin enerji balansında mühüm yer tutur və qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər də bu reallığı təsdiqləyir. Əgər bir neçə il əvvəl Azərbaycan qazı məhdud sayda ölkəyə ixrac olunurdusa, hazırda qaz alan dövlətlərin sayı 16-ya çatıb. Bu ölkələrin əksəriyyətinin Avropa məkanında yerləşməsi Azərbaycanın Avropa enerji bazarında artan rolunu göstərir. Dövlət başçısı yeni bazarlara çıxış imkanlarının araşdırıldığını və ixrac coğrafiyasının daha da genişlənəcəyini bildirib.

Azərbaycanın qaz ixracı sahəsində əldə etdiyi nəticələr də diqqətəlayiqdir. Təkcə 2024-cü ildə xarici bazarlara təxminən 25 milyard kubmetr təbii qaz nəql olunub. Bu göstərici ölkənin beynəlxalq enerji bazarında etibarlı mövqeyini bir daha təsdiqləyir. Məhz buna görə də Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi qiymətləndirilir.

Ölkənin enerji siyasətində mühüm yer tutan istiqamətlərdən biri də bərpaolunan enerji mənbələrinin inkişafıdır. Dünya enerji sektorunda yaşıl keçidin sürətləndiyi bir dövrdə Azərbaycan da bu prosesə fəal şəkildə qoşulub. Xəzər dənizinin külək enerjisi potensialı və ölkənin günəş enerjisi imkanları gələcək inkişaf üçün böyük perspektivlər açır. Xarici investorlarla imzalanan sazişlər nəticəsində yaxın illərdə ölkədə alternativ enerji istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Mövcud güclərə əlavə olaraq 2032-ci ilə qədər bir neçə giqavat yeni günəş və külək enerjisi layihəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycanın üstünlüklərindən biri də enerji və nəqliyyat siyasətinin qarşılıqlı şəkildə tamamlanmasıdır. Ölkə yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda beynəlxalq yükdaşımaların həyata keçirildiyi vacib tranzit məkanlardan biridir. Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan həm enerji, həm də logistika sahəsində strateji mövqeyə malikdir.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkənin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə də mühüm töhfə verir. Ənənəvi enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, yaşıl enerji layihələrinin inkişaf etdirilməsi ölkənin uzunmüddətli və davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

 

Oxşar Xəbərlər

Back to top button