AnalitikaGündəmSiyasət

Azərbaycan: Enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı

2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin enerji siyasətinin keçmişini, bu gününü və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm proqram əks etdirirdi. Bu çıxış yalnız enerji sektoruna aid statistik göstəricilərin təqdimatı deyil, həm də Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunun, beynəlxalq əməkdaşlıq modelinin və gələcək strateji məqsədlərinin ümumiləşdirilmiş təqdimatı idi. Bakı Enerji Həftəsinin əsası Xəzər Neft və Qaz Sərgisi ilə qoyulmuşdur. Vaxt keçdikcə bu tədbir genişlənərək qlobal enerji gündəliyində mühüm yer tutan beynəlxalq platformaya çevrilmişdir. Bu gün Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, enerji şirkətlərini, investorları və ekspertləri bir araya gətirən nüfuzlu tədbirlərdən biri hesab olunur. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, tədbirin beynəlxalq əhəmiyyəti ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer kimi liderlərin göndərdiyi məktublarda da öz əksini tapmışdır.
Enerji məsələlərinin son illərdə bəzən siyasi və ideoloji müzakirələrin predmetinə çevrildiyi vurğulanmışdır. Uzun müddət neft və qaz istehsal edən ölkələr və şirkətlər əsassız tənqidlərə məruz qalmış, qlobal ekoloji problemlərin əsas səbəbkarı kimi təqdim olunmuşdur. Halbuki müasir dünya iqtisadiyyatının və sənayesinin inkişafı hələ də enerji resurslarından ciddi şəkildə asılıdır. Dövlət başçısı bildirmişdir ki, enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balans qorunmalıdır. Bu baxımdan həm ənənəvi enerji mənbələrinin səmərəli istifadəsi, həm də bərpaolunan enerji sahəsinə investisiyaların artırılması vacibdir.
Azərbaycanın müasir enerji strategiyasının təməli 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Həmin dövrdə ölkə olduqca ağır sosial-iqtisadi vəziyyət yaşayırdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altında idi. Bir milyondan artıq qaçqın və məcburi köçkün mövcud idi. İqtisadiyyat dərin böhran keçirir, yoxsulluq səviyyəsi 50 faizdən çox idi. Ölkə elektrik enerjisi və təbii qaz idxal etməyə məcbur qalırdı. Belə bir şəraitdə Azərbaycanın yeganə çıxış yolu mövcud təbii sərvətlərdən səmərəli istifadə etmək idi. Azərbaycan Xəzər dənizindəki enerji ehtiyatlarını beynəlxalq investorlara açaraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu addım həm xarici sərmayələrin cəlb edilməsinə, həm də ölkənin enerji sektorunun müasir standartlara uyğun inkişafına şərait yaratdı. Sonrakı illərdə neft və qaz layihələrinin həyata keçirilməsi nəticəsində iqtisadi sabitlik təmin olundu, yeni iş yerləri yaradıldı, sosial proqramlar maliyyələşdirildi və ölkənin beynəlxalq mövqeyi gücləndi.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulamışdır ki, təbii sərvətlərin mövcudluğu deyil, həmin sərvətlərdən əldə edilən gəlirlərin necə idarə olunması əsas göstəricidir. Azərbaycan enerji gəlirlərini təhsil, səhiyyə, sosial infrastruktur və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəltmişdir. Dövlət Neft Fondu vasitəsilə əldə olunan gəlirlər şəffaf və uzunmüddətli inkişaf prinsiplərinə uyğun şəkildə idarə edilmişdir. Bu yanaşma nəticəsində ölkə iqtisadiyyatı davamlı inkişaf yoluna çıxmışdır. Bu gün Azərbaycanın iqtisadi göstəriciləri müsbət dinamika nümayiş etdirir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkənin mövqeyi ildən-ilə yüksəlir. Yoxsulluq səviyyəsi təxminən 5 faizə enmiş, işsizlik göstəricisi də minimum səviyyəyə çatmışdır. Xarici borcun ümumi daxili məhsuldakı payı dünyanın ən aşağı göstəricilərindən biri hesab olunur. Dövlətin valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu faktlar enerji gəlirlərinin düzgün idarə olunmasının nəticəsi kimi qiymətləndirilə bilər. Enerji siyasətinin uğurlu nəticələrindən biri də Azərbaycanın güclü dövlət və güclü ordu quruculuğuna nail olmasıdır.

Prezident çıxışında qeyd etmişdir ki, iqtisadi imkanların artması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə şərait yaratmışdır. Nəticədə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq torpaqlarını işğaldan azad etmişdir. Bu qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər ərzində həyata keçirilən iqtisadi və siyasi strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər.
Azərbaycanın enerji strategiyasının ən mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin edilməsidir. Son otuz il ərzində ölkədə bu məqsədlə nəhəng enerji infrastrukturu yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən ilk böyük layihə olmuşdur. Bakı-Supsa neft kəməri isə Xəzər dənizini Qara dənizlə əlaqələndirmişdir. Daha sonra Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələri reallaşdırılmışdır. Bu layihələr birlikdə Cənub Qaz Dəhlizini formalaşdıraraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan etibarlı tərəfdaş kimi öz öhdəliklərini yerinə yetirir və qaz təchizatını artırmaq istiqamətində yeni layihələr həyata keçirir. “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, Abşeron yatağı və digər perspektivli sahələr gələcəkdə hasilatın daha da artmasına imkan verəcəkdir. Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq investorlardan investisiya qəbul edən dövlətdən xarici ölkələrə sərmayə yatıran güclü iqtisadi aktora çevrilmişdir. Bu gün SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada müxtəlif layihələr həyata keçirir. Dövlət Neft Şirkətinin fəaliyyət coğrafiyası getdikcə genişlənir. Bu, Azərbaycanın iqtisadi nüfuzunun artdığını göstərir.

Ölkənin enerji siyasətində tranzit imkanları da mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayır. Xəzərin şərq sahillərində yerləşən dövlətlərin neft məhsulları Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına çatdırılır. Gələcəkdə təbii qaz sahəsində də oxşar əməkdaşlıq mexanizmlərinin formalaşacağı gözlənilir.
Enerji sektorunun inkişafı ilə yanaşı, Azərbaycanda emal sənayesinin də genişləndirilməsi diqqət mərkəzindədir. SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Xarici aktivlərin əldə olunması nəticəsində Aralıq dənizi regionunda emal potensialı əhəmiyyətli dərəcədə artmışdır. Bu isə ölkənin yalnız xammal ixracatçısı deyil, həm də yüksək əlavə dəyər yaradan məhsulların istehsalçısı kimi mövqeyini gücləndirir. Müasir dövrdə enerji siyasətinin əsas istiqamətlərindən biri bərpaolunan enerji mənbələrinin inkişafıdır. Azərbaycan bu sahədə də mühüm addımlar atır. Mövcud qaz ehtiyatlarının ölkənin tələbatını uzun illər təmin etməsinə baxmayaraq, dövlət yaşıl enerji siyasətinə xüsusi önəm verir. Xarici investorlar üçün əlverişli şərait yaradılmış, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi sürətləndirilmişdir. Artıq bir sıra layihələr istismara verilmişdir. Qarşıdakı illərdə günəş və külək enerjisi üzrə gücün 2 giqavata, daha sonra isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroenerji potensialının inkişafı da xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə artıq yüzlərlə meqavat gücündə enerji obyektləri istifadəyə verilmişdir. Bu layihələr regionun iqtisadi inkişafına və enerji ixrac potensialının artırılmasına xidmət edir. Azərbaycanın yaşıl enerji strategiyasının mühüm komponentlərindən biri beynəlxalq enerji kabeli layihələridir. “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirməyi nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yeni elektrik kabeli layihəsi də həyata keçirilir. Bu layihələr yaşıl enerjinin Avropa bazarlarına çıxarılmasına imkan verəcəkdir.

Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli üzərində iş aparılır. Bu layihə enerji sahəsində regional inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcəkdir. Beləliklə, Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji körpüsü rolunu oynayan strateji mərkəzə çevrilir. Enerji layihələrinin uğurla həyata keçirilməsi ölkənin nəqliyyat və logistika imkanlarının inkişafına da təkan vermişdir. Son illərdə dəmir yollarına, avtomobil yollarına və liman infrastrukturuna böyük investisiyalar yatırılmışdır. Nəticədə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilmişdir. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun nəqliyyat xəritəsini dəyişdirəcək və yeni iqtisadi imkanlar yaradacaqdır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı mühüm məqamlardan biri də diplomatiyanın roludur. Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkə kimi enerji resurslarını dünya bazarlarına çatdırmaq üçün qonşu dövlətlərlə və tərəfdaş ölkələrlə etibarlı münasibətlər qurmağa nail olmuşdur. Enerji layihələrinin uğuru yalnız iqtisadi və texniki imkanlarla deyil, həm də düzgün xarici siyasət kursu ilə bağlıdır. Bu gün Azərbaycanın enerji tərəfdaşlarının sayının artması məhz həmin siyasətin nəticəsidir.

Nəticə etibarilə, Bakı Enerji Həftəsində səsləndirilən fikirlər Azərbaycanın enerji siyasətinin uzunmüddətli strateji baxışa əsaslandığını göstərir. Ölkə təbii sərvətlərdən əldə olunan gəlirləri milli inkişafın təmin edilməsinə yönəltmiş, enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynamış və bərpaolunan enerji istiqamətində ciddi addımlar atmışdır. Azərbaycan həm ənənəvi enerji resurslarının istehsalı, həm də yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində regionun lider dövlətlərindən birinə çevrilmişdir.

Bu siyasət ölkənin iqtisadi müstəqilliyini, beynəlxalq nüfuzunu və gələcək inkişaf perspektivlərini daha da gücləndirən əsas amillərdən biri kimi çıxış edir.

Mənzər Ağabəyova,
Xəzər
rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi,

Oxşar Xəbərlər

Back to top button