
Azərbaycan köklü və zəngin dövlət quruculuğu ənənələrinə sahibdir. Ölkəmizin təxminən 5 minillik bir dövlətçilik keçmişi mövcuddur. Bu torpaqlarda bəşər tarixinin bütün idarəçilik sistemləri: quldarlıq, feodalizm, kapitalizm və sosializm bərqərar olmuşdur. Azərbaycan hüdudlarında ilkin dövlət rüşeymləri hələ eramızdan əvvəl IV minilliyin sonları — III minilliyin başlanğıcında təşəkkül tapmağa başlamışdı. Dövr keçdikcə xalqımızın siyasi idarəetmə təcrübəsi daha da təkmilləşmiş, coğrafiyamızda daha mütərəqqi və geniş hüdudları birləşdirən yeni güc mərkəzləri formalaşmışdı. Azərbaycan mühitində Manna, İskit padşahlığı, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Böyük Səlcuqlu imperiyası, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları kimi əzəmətli dövlətlər hökm sürmüşdür. Adı çəkilən bu tarixi xaqanlıqlar və sülalələr regionda inzibati idarəçilik sisteminin inkişaf etməsində əvəzsiz rol oynamışlar. Çoxəsrlik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus mövqeyi vardır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu respublika milli dövlətçilik salnaməmizdə silinməz izlər buraxmışdır. 1917-ci ildə Rusiyada baş verən inqilabi dalğa isə suveren dövlətlərin meydana çıxması üçün əlverişli zəmin yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü, millətin özünüdərk və müstəqillik mübarizəsinin məntiqi yekunu olmaqla yanaşı, həm də dövlət idarəçiliyi və dil siyasəti sahəsində köklü islahatların təməlinin qoyulduğu mühüm bir mərhələdir. XIX əsrin ikinci yarısından etibarən formalaşan milli ideologiya, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin elan edilməsi ilə hüquqi və siyasi müstəviyə qədəm qoymuşdur. Bu tarixi şəraitdə dövlət təsisatlarının qurulması ilə bərabər, milli kimliyin əsas daşıyıcısı olan ana dilinin statusunun müəyyənləşdirilməsi və yazı sisteminin təkmilləşdirilməsi ən vacib prioritetlərdən birinə çevrilmişdi.Azərbaycan ədəbi-ictimai fikrində əlifba islahatı məsələsi AXC-nin qurulmasından xeyli əvvəl, xüsusilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır. M.F. Axundzadə hələ 1857-ci ildən başlayaraq ərəb qrafikalı əlifbanın mövcud qüsurlarını—sait səslərin yetərincə ifadə olunmamasını, hərflərin sözün əvvəlində, ortasında və sonunda fərqli formalarda yazılmasının yaratdığı çətinlikləri və nöqtələrin çoxluğunun mütaliəni çətinləşdirməsini—elmi əsaslarla tənqid etmişdir. O, xalqın savadlanması və mədəni tərəqqisi üçün əlifbanın islah olunmasını, hətta tamamilə dəyişdirilməsini zəruri hesab edirdi. Bu ideya sonradan Mirzə Kazım bəy tərəfindən də dəstəklənmiş və türkologiya elmində dərin iz qoymuşdur.XIX əsrin sonu və XX əsrin əvvəllərində bu maarifçilik ənənəsini davam etdirən ən görkəmli simalardan biri Məhəmməd ağa Şahtaxtlı olmuşdur. M.F. Axundzadənin açdığı yolla gedən M. Şahtaxtlı, əlifba məsələsinə ümumşərq və beynəlxalq kontekstdə yanaşmışdır. O, Parisdə olduğu illərdə ərəb qrafikasının fonetik prinsiplərə uyğunlaşdırılması və yenilənməsi istiqamətində ciddi fəaliyyət göstərmiş, fransız və rus dillərində “Sövti Şərq əlifbasına dair izahlı vərəqə” adlı dərslik hazırlayaraq 1901-ci ildə Parisdə çap etdirmişdir. “Şərqi-rus” qəzeti vasitəsilə də bu ideyaları cəmiyyətə yayan Şahtaxtlı, AXC dövründə rəsmiləşəcək milli dil siyasətinin və yazı mədəniyyətinin intibahında M.F. Axundzadədən sonra ən böyük missiyanı yerinə yetirən şəxsiyyətlərdən biri olmuşdur.Bu intellektual hazırlığın nəticəsi olaraq, Cümhuriyyət hökuməti qurulduqdan cəmi bir ay sonra—27 iyun 1918-ci ildə Azərbaycan (türk) dilini dövlət dili elan etdi. Bu addım Şərqdə ilk demokratik respublikanın həm idarəçilikdə, həm də mədəniyyətdə milli dəyərlərə əsaslandığının ən bariz sübutu idi. Cümhuriyyətin qısaömürlü fəaliyyətinə baxmayaraq, əlifba islahatı və ana dilinin dövlət statusu qazanması istiqamətində qoyulan bu təməllər, Azərbaycanın gələcək müstəqillik və dövlətçilik tarixinə işıq tutan ən mühüm irs kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikası, ümumiyyətlə, mövcud olduğu qısa zaman kəsiyində, son dərəcə mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə olduqca dinamik bir xarici siyasət kursu yeritdi. Azərbaycan dövləti 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında respublika ilə bağlı xüsusi qətnamənin qəbul edilməsinə nail oldu. Həmin tarixi qərara əsasən, konfransda iştirak edən böyük dövlətlər Azərbaycanı müstəqil bir subyekt kimi de-fakto tanıdılar. Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və digər məmləkətlərlə səfirliklər və nümayəndəliklər səviyyəsində rəsmi əlaqələr qurdu, ikitərəfli və çoxtərəfli müqavilələr, diplomatik sazişlər imzaladı. Yeni qurulmuş Azərbaycan dövlətinin ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də Batum şəhərində Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin rəsmiləşdirilməsi oldu. İyun ayının 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə yerini dəyişdi.O dönəmdə Bakıda Moskvanın diktəsi və iradəsi ilə formalaşdırılmış Bakı Xalq Komissarları Soveti (BXKS) – Bakı Kommunası rəhbərlik edirdi. Onun əsas nüvəsini daşnakpərəst bolşevik qüvvələri təşkil edirdi. Bakı Kommunasının devrilməsindən sonra Bakıda hakimiyyət menşevik və eserlərin idarə etdiyi Mərkəzi Xəzər Diktaturasının nəzarətinə keçdi.1918-ci il sentyabrın 15-də Bakı şəhəri Türkiyə və Xalq Cümhuriyyətinin hərbi qüvvələri tərəfindən düşmən tapdağından qurtarıldı. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt mərkəzində fəaliyyət mərhələsi başladı. Beləliklə, Cümhuriyyət hakimiyyəti bütün Azərbaycan hüdudlarında tam bərqərar oldu.
Dövlətin ali rəhbər orqanı Milli Şura hesab olunurdu. Milli Şura 1918-ci il noyabrın 19-da “Azərbaycan Cümhuriyyəti Parlamentinin” təsis edilməsi haqqında qanun qəbul etdi.1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclası reallaşdı. Qanunverici orqanın sədrliyinə isə Əlimərdan bəy Topçubaşov seçildi. Parlament daxilində qərarlar səsvermə yolu ilə qəbul edilir və bütün rəsmi sənədlər Azərbaycan dilində tərtib olunurdu. Parlamentin səlahiyyət dairəsinə qanunvericilik fəaliyyəti ilə bərabər, Azərbaycanın suverenliyini möhkəmləndirmək və gənc dövlətin dünyada tanınmasını təmin etmək kimi mühüm vəzifələr daxil idi.Qanunverici təsisat 1919-cu ilin iyulun 21-də “Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə”ni təsdiqlədi. Bərabərhüquqlu prinsiplərə söykənən bu seçki sistemində Şərq dünyasında ilk dəfə olaraq qadınlara kişilərlə eyni səviyyədə seçki hüququ bəxş edildi.Parlament daxilində 11 komissiya — Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Müəssisələr Məclisinə seçkilər keçirmək üçün mərkəzi komissiya, Mandat komissiyası, Hərbi komissiya, Aqrar məsələlər komissiyası, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici məsələlər üzrə komissiya, Ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Nəşriyyat-redaksiya komissiyası və Fəhlə məsələləri üzrə komissiyalar fəaliyyət göstərirdi. Azərbaycan Parlamentində “Müsavat” ən böyük siyasi partiya olaraq təmsil edilirdi. Qanunverici orqanda yer alan siyasi partiyalar dövlətin gücləndirilməsinə xidmət edən qanun layihələri və mütərəqqi islahat proqramları ilə qanunvericilik hakimiyyətinin ümumi fəaliyyətinə istiqamət verirdilər. Onlar qüdrətli milli ordunun qurulması, torpaqların kəndli təbəqəsi arasında təmənnasız bölüşdürülməsi, 8 saatlıq iş rejimi, həmçinin söz, mətbuat, ittifaq və digər demokratik azadlıqların təmin olunması çağırışları ilə çıxış edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu müddətində beş ardıcıl hökumət kabineti formalaşdırılmışdır. İcraedici hakimiyyəti təmsil edən Nazirlər Şurası hökumətin ümumi fəaliyyətini idarə edirdi. Nazirlər Şurası fəaliyyət göstərdiyi zaman kəsiyində fərqli sahələri əhatə edən 636 qərar və sərəncam imzalamışdır.
İlk müvəqqəti hökumətə rəhbərlik edən F.Xoyski sonrakı ikinci və üçüncü hökumət kabinetlərini də təşkil etmişdir. 1919-cu ilin martında səhhətindəki problemlərlə bağlı istefa verən F.Xoyskinin ardınca, aprelin 14-də Nəsib bəy Yusifbəyli dördüncü hökumət kabinetini formalaşdırdı.1919-cu ilin sentyabr ayında Bakı Dövlət Universiteti təsis olundu. Ölkədə təhsil sistemi tamamilə milliləşdirildi. Respublikanın ərazi bütövlüyü etibarlı şəkildə təmin edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin xalq qarşısında ən böyük xidmətlərindən biri də milli dövlət himninin və üçrəngli bayrağın qəbul edilməsi oldu. Atılan bu addımları dünya dövlətləri yaxından izləyir və yüksək qiymətləndirirdilər.1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə tarixi qərar qəbul etdi. Bunun ardınca Bakıda xarici dövlətlərin rəsmi nümayəndəlikləri açılmağa başladı.1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi və təcavüzü nəticəsində, beynəlxalq birlik tərəfindən suverenliyi qəbul edilmiş müstəqil Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Bununla da Azərbaycanda Sovet rejimi bərqərar oldu.
Könül Məmmədova,
Bakı Slavyan Universitetinin
Belarus dili və mədəniyyəti mərkəzi müdiri



