AnalitikaGündəmSiyasət

Şərqin Sönməz Məşəli: 28 May –Müstəqillik Günü

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şanlı səhifələr var ki, onlar sadəcə təqvim günü deyil, milli mənliyin, azadlıq iradəsinin və sarsılmazlığın rəmzidir. Bu tarixlərin ən zirvəsində dayananı isə, şübhəsiz ki, 28 May – Müstəqillik Günüdür. 1918-ci ilin məhz bu günündə Azərbaycan xalqı öz müqəddəratını təyin edərək bütün dünyaya bəyan etdi: Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi prinsiplərə əsaslanan bir parlament respublikası doğulur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması sadəcə təsadüfi bir coğrafi və ya siyasi hadisə deyil, həm də çoxəsrlik böyük bir mədəni-ictimai intibahın, xalqın daxili təkamülünün məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə sıx bağlıdır. XIX əsrin sonlarından etibarən formalaşan mütəfəkkir ziyalılarımız, qabaqcıl şəxsiyyətlərimiz, maarifpərvər adamlarımız xalqın daxilindəki milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş və oyanış əhval-ruhiyyəsini cəmiyyətin hər bir təbəqəsinə yaymışdılar. Məhz bu nəhəng intellektual və mənəvi dalğanın məntiqi yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti tarix səhnəsinə çıxdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika qurulmuşdu və bu gün biz haqlı olaraq böyük bir qürur hissi ilə fəxr edirik ki, bu ilkə, bu mütərəqqi addıma məhz Azərbaycan xalqı imza atmış, müsəlman aləmində ilk demokratik respublikanın müəllifi olmuşdur.

Yeni qurulan gənc dövlətin qarşısında duran ən mühüm və təxirəsalınmaz vəzifələrdən biri daxili sabitliyi təmin etməklə bərabər, həm də beynəlxalq arenada layiq olduğu yeri tutmaq idi. Çox qısa bir zaman kəsiyində genişmiqyaslı diplomatik əlaqələrin yaradılması, Azərbaycanın müstəqil subyekt kimi dünya gücləri tərəfindən qəbul edilməsi və tanınması Şərqin bu gənc respublikasının xarici siyasətinin ən parlaq qələbələrindən biri oldu. Lakin tarix həm də bizə çox amansız bir dərsi öyrətdi: müstəqilliyi elan etmək nə qədər şərəflidirsə, onu qorumaq və saxlamaq bir o qədər çətin və mürəkkəb bir vəzifədir. XX əsrin əvvəllərindəki ilk müstəqillik təcrübəmiz, Rusiya imperiyasının dağılması nəticəsində əldə etdiyimiz o azadlıq havası, əfsus ki, xarici müdaxilələr və dövrün ağır geosiyasi şərtləri ucbatından cəmi 23 ay çəkdi. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, o qısa müddətdə çox böyük, əsrlərə bərabər işlər görməyə müvəffəq oldu. Ən əsası isə odur ki, xalqın qəlbinə basdırılan o müstəqillik və azadlıq toxumu heç vaxt məhv olmadı, sovet rejimi illərində belə sönməyən bir ümid işığı kimi qorunub saxlanıldı.

XX əsrin sonlarında sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşanda ölkə daxili xaos, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi tənəzzül və xarici təcavüzlə – torpaqlarımızın işğalı ilə üz-üzə qalmışdı. Tarixin bu həlledici və millətin varlığını sınağa çəkən məqamında Ümummilli Lider Heydər Əliyev böyük siyasi iradə və fədakarlıq nümayiş etdirərək ölkəni fəlakətin astanasından xilas etdi. Ulu Öndər hər zaman vurğulayırdı ki, müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir. Məhz onun sarsılmaz siyasi iradəsi sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi, müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqilliyimizin varisi olduğu cümhuriyyət irsinə hər zaman uca ehtiramla yanaşan dahi rəhbər, hələ 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmasını təmin etdi. Onun qərarı ilə biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu dövlət müstəqilliyi günü – Respublika Günü elan etdik və bu, bizim milli bayramımıza çevrildi. Sonrakı illərdə də bu tarixi və hüquqi varislik prinsipləri daha da möhkəmləndirildi və “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu müqəddəs günün adı öz tarixi çəkisinə uyğun olaraq “Müstəqillik Günü” kimi təsbit olundu.

Bu gün biz 28 Mayı sadəcə təqvimdə qeyd olunan bir bayram kimi deyil, bütöv bir millətin şərəf və ləyaqət simvolu kimi yaşayırıq. Çünki keçmişin o yarımçıq qalmış arzuları, cümhuriyyət qurucularının qəlbində nisgilə dönən o müqəddəs ideallar bu gün tamamilə reallığa çevrilib. Cümhuriyyətimizin bizə qoyduğu ən ülvi, ən müqəddəs yadigar olan üçrəngli Azərbaycan Bayrağı artıq illərdir həsrəti ilə qovrulduğumuz, lakin heç vaxt ümidimizi kəsmədiyimiz doğma torpaqlarımızda dalğalanır. Bu gün o bayraq işğaldan azad olunmuş Şuşanın sıldırım qayalarında, Xankəndinin mərkəzində, Laçının, Kəlbəcərin dumanlı dağlarında, xalqımızın mənəviyyat zirvələrində qürurla küləklərə sinə gərir. Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə bəxş etdiyi bu unudulmaz dövlətçilik əmanəti, tökülən şəhid qanlarının, çəkilən acıların və sarsılmaz bir imanın ən ali mükafatıdır. Azad nəfəs alan Qarabağda dalğalanan hər bir bayraq həm də o uzaq 1918-ci ildə bu dövlətin təməlini qoyan, lakin onun bütöv gününü görməyə ömrü vəfa etməyən ulu babalarımızın ruhuna oxunan bir rəhmət duası, onlara verilən bir namus sözüdür. Ruhunuz şad olsun, ey böyük cümhuriyyət fədailəri; çünki canınızdan əziz bildiyiniz, qorumaq üçün hər şeyinizi fəda etdiyiniz o müstəqil Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclü, heç vaxt olmadığı qədər məğrur və əbədidir!

Lamiyə Mehdiyeva,
261 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

Oxşar Xəbərlər

Back to top button