
Müasir dövrdə kənd təsərrüfatının inkişafı yalnız ənənəvi istehsal üsulları ilə mümkün deyil. Qlobal iqtisadi dəyişikliklər, iqlim dəyişikliyi, ərzaq bazarlarında artan rəqabət və yeni texnologiyaların sürətli inkişafı aqrar sektorda daha çevik və innovativ yanaşmaların tətbiqini zəruri edir. Azərbaycan da kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək məqsədilə dövlət dəstəyi, investisiya siyasəti və innovativ həllər üzərində qurulan yeni inkişaf modelini formalaşdırır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bu istiqamətdə dövlətin strateji baxışını aydın şəkildə nümayiş etdirir.
Azərbaycanın kənd təsərrüfatı siyasətində dövlət dəstəyi xüsusi yer tutur. Aqrar sektorun inkişafı məqsədilə tətbiq olunan subsidiyalar, güzəştli kreditlər, texniki dəstək mexanizmləri və vergi güzəştləri fermerlərin fəaliyyətinə mühüm stimul verir. Dövlət tərəfindən yanacaq, gübrə və digər istehsal vasitələri üzrə təqdim olunan güzəştlər kənd təsərrüfatı istehsalçılarının maliyyə yükünün azalmasına, məhsuldarlığın yüksəlməsinə və rəqabət qabiliyyətinin artmasına xidmət edir.
Azərbaycanda tətbiq olunan subsidiya mexanizmi beynəlxalq təcrübə baxımından da diqqətəlayiq nümunələrdən biri hesab olunur. Bununla yanaşı, dəyişən bazar şərtləri və yeni iqtisadi reallıqlar subsidiya siyasətinin daha çevik şəkildə yenilənməsini tələb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, subsidiya sistemi sabit və dəyişməz model olmamalıdır. Daxili tələbat, ixrac potensialı, bazar ehtiyacları və məhsulun strateji əhəmiyyəti nəzərə alınaraq subsidiya mexanizmlərinə mütəmadi yenidən baxılmalıdır. Bu yanaşma dövlət resurslarının daha səmərəli istifadəsinə və kənd təsərrüfatı siyasətinin effektivliyinin artmasına şərait yarada bilər.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsində investisiya siyasəti mühüm rol oynayır. Aqrar sektorun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi böyük həcmdə maliyyə resursları tələb edir. Bu səbəbdən dövlətlə yanaşı, özəl sektorun və investorların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramında dövlət və özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilir. Təxmini hesablamalara görə proqram çərçivəsində dövlət tərəfindən milyardlarla manat vəsait ayrılması nəzərdə tutulur. Eyni zamanda, özəl sektorun daha böyük həcmdə sərmayə yatırması planlaşdırılır. Bu, aqrar sahədə yeni investisiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Kənd təsərrüfatında xarici investorların iştirakı da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq nüfuzu, əlverişli biznes mühiti və geniş iqtisadi əlaqələri aqrar sektora xarici sərmayənin cəlb olunması üçün mühüm imkanlar yaradır. Xarici investorların iştirakı yalnız maliyyə axını demək deyil, həm də yeni idarəetmə təcrübələrinin, qabaqcıl texnologiyaların və innovativ istehsal metodlarının ölkəyə gətirilməsi deməkdir.
İnnovasiya kənd təsərrüfatının gələcək inkişafının əsas şərtlərindən biridir. Müasir aqrar sistemlər artıq rəqəmsal texnologiyalar, süni intellekt, peyk müşahidələri, avtomatlaşdırılmış idarəetmə sistemləri və dəqiq kənd təsərrüfatı prinsipləri əsasında formalaşır. Azərbaycan da bu sahədə yeni yanaşmaları tətbiq etməyi qarşıya məqsəd qoyur. Torpaq analizlərinin aparılması, elektron məlumat bazalarının yaradılması, məhsuldarlığın proqnozlaşdırılması və resursların optimallaşdırılması aqrar innovasiyanın əsas istiqamətlərindəndir.
Suvarma sistemlərinin modernləşdirilməsi də innovativ inkişafın mühüm elementidir. Müasir suvarma texnologiyalarının geniş tətbiqi su ehtiyatlarından daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və iqlim dəyişikliklərinin təsirini azaltmağa imkan verir. Hazırda ölkədə minlərlə hektar sahədə tətbiq olunan müasir suvarma sistemlərinin əhatə dairəsinin genişləndirilməsi kənd təsərrüfatının gələcək inkişafında mühüm rol oynayacaq.
Dayanıqlı aqrar inkişaf üçün logistika və saxlanma infrastrukturu da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda son illərdə yaradılmış soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasına, bazar itkilerinin azalmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaratmışdır. Bu sahədə əlavə investisiyaların cəlb olunması məhsulların uzunmüddətli saxlanılması və daha səmərəli satışının təmin edilməsi baxımından vacibdir.
Kənd təsərrüfatının inkişafında maarifləndirmə və peşəkar hazırlıq da diqqət mərkəzində saxlanılır. Fermerlər üçün metodik tövsiyələr, təlim proqramları, innovativ becərmə üsulları üzrə maarifləndirmə tədbirləri kənd təsərrüfatında insan kapitalının inkişafına xidmət edir. Müasir texnologiyaların tətbiqi yalnız avadanlıq əldə etməklə mümkün deyil; bunun üçün bilik, peşəkarlıq və davamlı tədris mexanizmləri də vacibdir.
Bu baxımdan, investisiya, innovasiya və subsidiya siyasəti Azərbaycanın kənd təsərrüfatı strategiyasının əsas sütunlarını təşkil edir. Dövlət dəstəyi ilə özəl sektor təşəbbüslərinin uzlaşdırılması, innovativ texnologiyaların tətbiqi, investisiya imkanlarının genişləndirilməsi və çevik idarəetmə mexanizmlərinin yaradılması aqrar sektorun dayanıqlı inkişafını təmin edən əsas amillərdir. Qarşıdakı illərdə həyata keçiriləcək proqram və layihələr Azərbaycanın kənd təsərrüfatını daha müasir, rəqabətqabiliyyətli və yüksək məhsuldar sahəyə çevirməyə xidmət edəcək.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 nömrəli məktəbin əməkdaşı



