AnalitikaGündəmSiyasət

31 mart tarixi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciəli günlərdən biridir

31 mart tarixi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciəli günlərdən biridir. 1998-ci ildən etibarən bu gün dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hər il ölkəmizdə və xaricdə soyqırımı qurbanlarının xatirəsi anılır, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərə yönəldilir.

Tarixi faktlar göstərir ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasəti uzun illəri əhatə edir. XIX əsrin əvvəllərində imzalanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində Azərbaycan torpaqları parçalanmış, bölgəyə ermənilərin kütləvi köçürülməsi həyata keçirilmişdir. Bu proses sonrakı dövrlərdə bölgədə etnik gərginliyin artmasına və azərbaycanlılara qarşı məqsədli zorakılıq siyasətinin formalaşmasına zəmin yaratmışdır.

1905–1907-ci illərdə baş verən hadisələr, eləcə də Birinci dünya müharibəsi dövründə yaranmış siyasi qarışıqlıq erməni millətçi qüvvələrinin planlarını həyata keçirməsi üçün əlverişli şərait yaratdı. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində baş verən qırğınlar tariximizin ən qanlı səhifələrindən biridir. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə minlərlə dinc insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir.

Bu faciələr zamanı təkcə azərbaycanlılar deyil, eyni zamanda müxtəlif millətlərə mənsub olan günahsız insanlar da vəhşiliklərin qurbanına çevrilmişdir. Tarixi mənbələr həmin hadisələrin planlı şəkildə həyata keçirildiyini və məqsədin bölgəni azərbaycanlı əhalidən təmizləmək olduğunu göstərir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradılmış, baş verən hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər görülmüşdür. 1919 və 1920-ci illərdə 31 mart ümummilli matəm günü kimi qeyd edilmişdir.

Müstəqillik dövründə isə bu məsələyə xüsusi diqqət yetirilmiş, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilmişdir. Bu qərar tarixi ədalətin bərpası və həqiqətlərin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, saxta təbliğatların qarşısının alınması və tarixi faktlara əsaslanan düzgün məlumatların yayılmasıdır. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin acı xatirəsi deyil, eyni zamanda gələcək nəsillərin tarixi yaddaşının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu faciənin qurbanlarını anmaq, onların xatirəsini yaşatmaq və həqiqətləri dünyaya çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button