
XX yüzillik Azərbaycan xalqının həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq, soyqırım, mənəvi genosid dövrü olmuşdur. Tarix boyu “ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər”. 1905-ci ildə erməni millətçilərinin törətdikləri sivilizasiya tarixində misli görünməmiş vəhşiliklər təkrar 1918-1920-ci, 1988-ci illərdə qisasçılıq məqsədilə yenidən baş vermişdir.
Bu illər ərzində erməni tarixində − dərsliklərdə, kütləvi informasiya vasitələrində, hətta bədii ədəbiyyatda başlıca mövzuya çevrildiyi halda, Azərbaycanda bu barədə söz açmaq qadağan olunur, tarixi həqiqətlərin olduğu kimi yazılmasına imkan verilmirdi. Buna baxmayaraq, erməni məkri, ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik və qəsbkarlıq niyyəti, soydaşlarımızın zor gücünə dədə-baba yurdlarından qovulması, talan və işğalçılığı təkcə tarixi mənbələrdə, insanların yaddaşında, qəbir daşlarının, müqəddəs abidələrin qalıqlarında deyil, həm də milli düşüncədə, ədəbi yaddaşda yaşayaraq nəsildən-nəslə ötürülmüşdür.
Dünyaya meydan oxuyan türkün faciəsi – tarixi gerçəklik kimi bəzən zamanın hökmü ilə gizli saxlanılsa da, bədii təfəkkür bu həqiqətləri susdurmamış, əksinə, onları sözün gücü ilə yaşatmışdır. Ədəbiyyat yalnız estetik dəyər deyil, həm də tarixi yaddaşın daşıyıcısı kimi çıxış edərək, xalqın yaşadığı faciələri, çəkdiyi iztirabları, üzləşdiyi haqsızlıqları gələcək nəsillərə çatdırmışdır.
Türk-erməni həqiqətləri tarixin gizli səhifələrindən boylansa da, həyatın müxtəlif sahələrində öz qanlı izini qoymuşdur. Bu reallıqların bədii əsərlərdə əksi isə zaman və şəraitdən asılı olaraq müxtəlif formalarda təzahür etmişdir. Bəzən birbaşa və açıq şəkildə, bəzən isə simvol və işarələr vasitəsilə təqdim olunan bu mövzu ədəbiyyatın ideoloji təzyiqlərə baxmayaraq həqiqəti ifadə etmək gücünü bir daha sübut edir.
Ədəbiyyatda savaş mövzusunun zaman distansiyası məsələsinə prof. Akif Hüseynli fərqli rakursdan yanaşır və bunu yanlış qənaət kimi dəyərləndirir. Tənqidçinin fikrincə, müharibə haqqında ən dəyərli əsərlərin yalnız müharibədən sonra yarandığı fikri şərti xarakter daşıyır. Əksinə, hadisələrin içində yaranan əsərlər də bədii həqiqətin canlı ifadəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan ədəbiyyatında da istər hadisələrin baş verdiyi dövrdə, istərsə də sonrakı mərhələlərdə qələmə alınan əsərlər xalqın faciəsini, mübarizə ruhunu və milli yaddaşını əks etdirən qiymətli nümunələr kimi çıxış edir. Bu əsərlər təkcə keçmişin aynası deyil, həm də gələcəyin formalaşmasına təsir göstərən mənəvi dayaqlardır.
Bu qanlı tarix sadəcə keçmişin yaddaşı deyil, həm də gələcəyə ünvanlanan ciddi bir xəbərdarlıqdır. Unudulan faciə təkrarlanmağa məhkumdur, xatırlanan həqiqət isə millətin varlığını qoruyan ən böyük gücə çevrilir. 31 Mart və onun kimi ağrılı səhifələr yaddaşlarda yaşadıqca, ədalət gec də olsa öz yerini tapacaq.
Günay Alıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



