AnalitikaGündəmSiyasət

31 Mart – Milli yaddaşımızın ağrılı izi

1918-ci il 31 mart soyqırımı zaman-zaman erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən qanlı fəciələrdən biridir. Keçən əsrin əvvəllərindən dinc soydaşlarımıza qarşı ermənilər tərəfindən gətirilən müsibətlər intensiv və kütləvi xarakter almağa başladı. Yurddaşlarımız öz doğma el-obalarından zorla didərgin salınmış, mülkləri əllərindən alınmış və başlarına olmazın faciələr gəlmişdi. 1918-ci il 31 mart qırğını “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı aparılan etnik təmizləmənin ən dəhşətlisi dözülməzi idi. Etnik və dini mənsubiyyətinə görə qoca, cavan, uşaq və qadın demədən erməni cəlladları Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Səlyanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə minnərlə dinc soydaşımızı amansızcasına qətlə yetirmişdir. Bu cinayətlərlə ürəyi soyumayan daşnak ermənilər mart qırğınları zamanı bir çox tarixi qədim binaları, yaşayış məntəqələrini, məbədləri, ziyarətgahları, o cümlədən memarlıq incisi sayılan İsmailiyyə binasını da top atəşinə tutaraq dağıtmışlar. Cümə və Təzəpir məscidləri Xəzərdə yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində ağır zədə almışdır.

İnsanlıq və bəşər tarixində görülməmiş bu vəhşilik xalqımıza qarşı törədilmiş əsl soyqırımdır. Bu cinayətlər içərisində Şamaxıda və Qubada törədilən vəhşiliklər xüsusilə seçilirdi. Hələ də tədqiqatların davam etdiyi bu ərazilərdə kütləvi şəkildə öldürülmüş insan məzarlıqlarının qalıqları aşkarlanmaqdadır.

Şamaxı hadisələri ilə bağlı (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı isə şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Bu ərazidə on minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmışdır.

Xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsinin və tarixi həqiqətlərin ortaya qoyulması məqsədilə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button