
Azərbaycan xalqının tarixində elə faciəli səhifələr vardır ki, bu hadisələr təkcə bir dövrün deyil, bütövlükdə milli yaddaşın formalaşmasına təsir göstərmişdir. Bu baxımdan 31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü xüsusi əhəmiyyət daşıyır. Bu gün, XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların, etnik təmizləmə siyasətinin və insanlığa qarşı cinayətlərin xatirəsini yaşatmaqla yanaşı, gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından mühüm rol oynayır.
1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı aktı idi. Bu qırğınlar əsasən Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər bölgələrdə, eyni zamanda, Şamaxı, Quba, Lənkəran, Qarabağ və Zəngəzur ərazilərində törədilmişdir.
Hadisələrin kökündə siyasi hakimiyyət uğrunda mübarizə, etnik ziddiyyətlər və bolşevik-daşnak qüvvələrinin məqsədyönlü siyasəti dayanırdı. 1917-ci ildə Rusiyada baş verən Fevral və Oktyabr inqilablarından sonra bölgədə yaranmış siyasi boşluq müxtəlif qüvvələrin toqquşmasına səbəb olmuşdu. Bu vəziyyətdən istifadə edən erməni millətçi silahlı dəstələri bolşeviklərlə ittifaq quraraq azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı hücumlara başladılar.
1918-ci ilin martında Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan başda olmaqla bolşevik-daşnak qüvvələri azərbaycanlılara qarşı hərbi əməliyyatlara start verdi. Martın 30-dan başlayaraq Bakı şəhərində minlərlə dinc azərbaycanlı amansızcasına qətlə yetirildi. Şəhərin müsəlman məhəllələri top atəşinə tutuldu, evlər yandırıldı, qadın və uşaqlara qarşı xüsusi qəddarlıq nümayiş etdirildi.
Bu hadisələr nəticəsində təkcə Bakıda 10 mindən çox azərbaycanlının öldürüldüyü bildirilir. Qırğınlar təkcə fiziki məhvetmə ilə məhdudlaşmırdı – eyni zamanda milli-mədəni irs də məhv edilirdi. Məscidlər dağıdılır, tarixi abidələr yerlə-yeksan edilirdi.
Soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Şamaxı şəhərində törədilən qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Şamaxıda minlərlə insan öldürüldü, yüzlərlə kənd yerlə-yeksan edildi. Qadın və uşaqların diri-diri yandırılması kimi vəhşiliklər bu faciənin miqyasını göstərir.
Quba qəzasında isə sonradan aşkarlanmış kütləvi məzarlıqlar bu hadisələrin miqyasını sübut edən ən mühüm faktlardan biridir. 2007-ci ildə Quba şəhərində tapılan kütləvi məzarlıq həmin dövrdə törədilən soyqırımının canlı sübutudur. Bu məzarlıqda müxtəlif yaş qruplarına aid yüzlərlə insanın qalıqları aşkar edilmişdir.
Eyni zamanda Lənkəran, Salyan, Zəngəzur və Qarabağ bölgələrində də azərbaycanlı əhaliyə qarşı qırğınlar həyata keçirilmiş, kəndlər dağıdılmış, insanlar doğma yurdlarından didərgin salınmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti bu hadisələrin araşdırılması üçün xüsusi Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiya tərəfindən toplanmış sənədlər, şahid ifadələri və faktlar sübut edirdi ki, bu hadisələr təsadüfi deyil, planlı şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsidir.
Komissiyanın materiallarında yüzlərlə kəndin dağıdıldığı, minlərlə insanın öldürüldüyü və böyük maddi-mədəni itkilərin baş verdiyi qeyd olunurdu. Lakin 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsi bu araşdırmaların yarımçıq qalmasına səbəb oldu və uzun illər bu faciələr haqqında danışmaq qadağan edildi.
Yalnız Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra bu faciəyə siyasi-hüquqi qiymət verilməsi mümkün oldu. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Bu fərmanla 31 mart tarixi rəsmi olaraq Dünya Azərbaycanlılarının Soyqırımı Günü elan edildi.
Bu qərar tarixi ədalətin bərpası baxımından mühüm addım idi. Həmin vaxtdan etibarən hər il 31 mart tarixində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu faciənin qurbanlarını ehtiramla yad edir, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə çalışırlar.
1918-ci il hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin tək epizodu deyildi. XX əsrin müxtəlif dövrlərində – xüsusilə də Qarabağ münaqişəsi zamanı – azərbaycanlılara qarşı oxşar cinayətlər törədilmişdir. Bu baxımdan Xocalı soyqırımı 1918-ci il hadisələrinin davamı kimi qiymətləndirilir.
Bu faktlar göstərir ki, azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və etnik təmizləmə siyasəti sistemli xarakter daşımışdır. Bu isə həmin hadisələrin beynəlxalq səviyyədə soyqırımı kimi tanınmasının vacibliyini daha da artırır.
Azərbaycan dövləti və diaspor təşkilatları 31 Mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər və nəşr olunan kitablar bu istiqamətdə mühüm rol oynayır.
31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdır. Bu faciə yalnız keçmişin ağrılı xatirəsi deyil, eyni zamanda milli birliyin, həmrəyliyin və vətənpərvərliyin formalaşmasında mühüm rol oynayan amildir.
Bu gün Azərbaycan dövləti tarixi yaddaşın qorunması, gənc nəslin bu hadisələr haqqında məlumatlandırılması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində sistemli iş aparır. Təhsil proqramlarında bu mövzuya geniş yer verilir, muzeylər və memorial komplekslər yaradılır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



