
Çinin Haynan adasında Asiya Boao Forumunun “Ortaq gələcəyin formalaşdırılması: yeni dinamika, yeni imkanlar, yeni əməkdaşlıq” mövzusunda illik konfransı işə başlayır.
Aktualinfo.az Azərtac-a istinadən xəbər verir ki, konfransda Azərbaycan da daxil olmaqla bir neçə ölkədən yüksək vəzifəli rəsmilər, hökumət və parlament rəhbərləri, nazirlər, habelə alimlər, beyin mərkəzlərinin, işgüzar və akademik dairələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Forum yaşıl keçiddə geniş əməkdaşlığa ehtiyacı əsas götürərək, transregional əlaqələri, keyfiyyətli sənayeləşməni, rəqəmsallaşmanı, süni intellekt və kvant texnologiyalarında irəliləyişləri təşviq edir.
İllik konfrans 4 gün davam edir və açılış plenar iclası, tematik dəyirmi masalar, ikitərəfli dialoqları, VIP səhər yeməyi və çoxsaylı şəbəkə imkanları da daxil olmaqla təxminən 50 tədbiri əhatə edir.
Qeyd edək ki, Asiya ölkələrinin 1998-ci ilin maliyyə böhranından sonra iqtisadi inteqrasiyaya can atdığı bir vaxtda, 2001-ci ildə əsası qoyulmuş forum qeyri-hökumət təşkilatı olaraq Asiyada və onun hüdudlarından kənarda maraqlı tərəflər arasında fikir mübadiləsi aparmaqla məşğuldur. “Şərqin Davosu” adlanan forumun illik yüksəksəviyyəli konfransları ilə yanaşı, il ərzində müxtəlif formatlarda tədbirləri də təşkil olunur.



