
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının keçirilməsi Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu aparıcı mövqenin göstəricisidir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək çıxış etdi və enerji təhlükəsizliyi, qaz təchizatı, yaşıl enerji və beynəlxalq əməkdaşlıq istiqamətlərində ölkəmizin əldə etdiyi nəticələr və gələcək planlar barədə ətraflı məlumat verdi.
Dövlət başçısı çıxışında bu təşəbbüsün artıq on ildən çox davam edən uğurlu əməkdaşlıq platformasına çevrildiyini vurğuladı. Qeyd olundu ki, 12 il əvvəl əsası qoyulan Məşvərət Şurası bu gün enerji təhlükəsizliyi sahəsində mühüm beynəlxalq dialoq platformasıdır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, geosiyasi gərginliklər və enerji resurslarına artan tələbat bu platformanın əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev bildirdi ki, bu illər ərzində Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nəticələr əldə ediblər və bu nəticələr artıq bir çox ölkələrin gündəlik həyatında hiss olunur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ötən il keçirilmiş iclasda Azərbaycanın 12 ölkəyə qaz tədarük etdiyi bildirilmişdi. Hazırda isə bu göstərici daha da artaraq 16 ölkəyə çatıb. Bu fakt Azərbaycanın beynəlxalq enerji bazarında artan rolunun bariz göstəricisidir. Dövlət başçısının sözlərinə görə, qazın boru kəmərləri vasitəsilə ixrac edildiyi ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycan qazının coğrafiyasının genişlənməsi də diqqətəlayiq hadisələrdən biri kimi qeyd edildi. Artıq Azərbaycan qazı Avropa ilə yanaşı digər regionlara da çatdırılır. İlk dəfə olaraq Suriyaya qaz tədarükünün başlanması bu istiqamətdə mühüm addım hesab olunur. Prezident İlham Əliyev bildirdi ki, Suriyaya 1,5 milyard kubmetr qazın tədarükü ölkədə mövcud elektrik enerjisi qıtlığının azaldılmasına kömək edir və insanların həyat şəraitinin yaxşılaşmasına töhfə verir. Elektrik enerjisinin iqtisadi inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulayan dövlət başçısı bu layihənin region üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Prezident İlham Əliyev enerji bazarlarının şaxələndirilməsinin həm istehlakçı, həm də istehsalçı ölkələr üçün vacib olduğunu bildirdi. Azərbaycanın enerji siyasətinin əsas prinsiplərindən biri məhz bu şaxələndirmə siyasətidir. İstehsalçı ölkə kimi Azərbaycan öz qaz ixracını müxtəlif bazarlara yönəltməklə enerji təhlükəsizliyini gücləndirir və tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinə töhfə verir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın yaşıl enerji strategiyası konkret müqavilələrə əsaslanır və tərəflərin qarşılıqlı öhdəliklərini nəzərdə tutur. 2032-ci ilə qədər ölkədə alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisinin əldə olunması planlaşdırılır. Bu isə həm daxili enerji balansını gücləndirəcək, həm də ixrac imkanlarını genişləndirəcək.
Yaşıl enerji layihələri çərçivəsində Azərbaycandan Avropaya Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana uzanacaq enerji xətti üzərində iş aparılır. Bu layihələrin həyata keçirilməsi regionda yeni enerji dəhlizlərinin formalaşmasına səbəb olacaq və bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Prezident çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən enerji layihələrinə də toxundu. Bildirildi ki, həmin ərazilərdə artıq 307 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. Yaxın iki-üç il ərzində bu göstəricinin təxminən iki dəfə artırılması planlaşdırılır. Bu layihələr ölkənin enerji potensialını artırmaqla yanaşı, ucuz və ekoloji təmiz enerji mənbələrinin inkişafına da töhfə verir.
Dövlət başçısı enerji siyasətində praqmatik yanaşmanın vacibliyini də xüsusi qeyd etdi. O bildirdi ki, bərpaolunan enerji mənbələrinin inkişafı vacib olsa da, faydalı qazıntı yanacaqlarının rolunu tamamilə nəzərə almamaq real yanaşma deyil. Bu baxımdan Azərbaycan həm qaz ehtiyatlarının səmərəli istifadəsini, həm də alternativ enerji mənbələrinin inkişafını paralel şəkildə həyata keçirir.
Bütün bu faktlar göstərir ki, Azərbaycan bu gün qlobal enerji sistemində mühüm aktora çevrilib. Enerji resurslarının səmərəli idarə olunması, beynəlxalq tərəfdaşlıq və strateji layihələrin həyata keçirilməsi ölkəmizin enerji siyasətinin əsas sütunlarını təşkil edir. Bakı Konqres Mərkəzində keçirilən bu mühüm toplantı isə Azərbaycanın həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində qlobal əməkdaşlıq platformalarından biri kimi rolunu bir daha nümayiş etdirdi.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



