AnalitikaGündəmSiyasət

MEDİADA QADIN PROBLEMLƏRİNİN İŞIQLANDIRILMASINDA ETİK SƏRHƏDLƏR

Media həyatımızı hərtərəfli əhatə etmiş bir sahədir. O, bəzi hallarda hakim, bəzi hallarda elmi, siyasi, etik polemikaların meydanı, bəzi hallarda isə probləmləri həll edən yaxud yaradan bir platformadır. Bir məsələ şübhəsizdir ki, media həyatımızın vacib, ayrılmaz hissəsidir. Müasir cəmiyyətin formalaşması da məhz media vasitəsilə daha effektiv və faydalı ola bilər. Eyni zamanda, media cəmiyyətimizin aynası rolunu da öz üzərinə götürmüşdür. Bu spektrlər həyatın və cəmiyyətin bütün sahələrini əhatə edir və bu baxımdan son dərəcə mühüm bir funksiyanı yerinə yetirir. Azərbaycan Respublikasında bu sahə 08 fevral 2022-ci il tarixdə təsdiqlənmiş “Media haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn təməl hüquq və vəzifələrə istinad edərək “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, eyni zamanda, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarət bəndləri özündə əks etdirir. Təbii olaraq, son dərəcə vacib olan qanunvericiliyə uymaq tələbindən başqa mediada öz əksini tapmış istənilən informasiyanın dürüstlük, qərəzsizlik, obyektivlik və s. kimi özündə etik aspektləri cəmləşdirən vəzifəsi də danılmazdır. Bu məsələdə peşə etikası, xalqımızın adət-ənənələrinin nəzərə alınması da xüsusi diqqət tələb edir.

Burada  baş verənlərin ictimai, siyasi, sosial və iqtisadi rakursdan düzgün və hərtərəfli işıqlandırılması missiyasını layiqincə, bütün peşə etikası qarunmaqla yerinə yetirilməsini vacibdir.  Məhz bu baxımdan cəmiyyətimizin müasir dövr ən aktual problemlərindən biri, daha doğrusu birincisi etik davranış problemidir. Bu problem mediada işıqlandırılması vacib, eyni zamanda medianın özünün xüsusi diqqətdə saxlaması gərəkən problemdir. Ən acınacaqlısı isə ondan ibarətdir ki, bu problem həyatımızın bütün sahələrində özünü bariz göstərir: təhsil və səhiyyə, biznes və hüquq, incəsənət, sosial şəbəkə və media. Bunun təbii olaraq, bir çox səbəbləri vardır. Qloballaşan dünya fonunda daxili mənəvi sərhədləri qoruma istəyi, cəmiyyətə inteqrasiya fonunda müxtəlif milli-mənəvi dəyərlər sisteminin qarşıdurması, subyektiv yanaşma ilə həqiqətlərin toqquşması və s. Məsələn, qadın hüququ mövzularının mediada və saytlarda  işıqlandırılması problemi. Təəsüf ki, bu mövzu yalnız iki halda mediada müzakirə mövzusuna çevrilir. Ya hər hansı bir beynəlxalq yaxud lokal tədbirin işıqlandırılması. Yaxud hər birimizdə təəsüf hissi yaradan qadın cinayətlərinin kriminal xəbərlər bölməsində işıqlandırılmasında. Birinci halda, məqsəd və məram aydındır. Bu yalnız məlumatı bölüşmək, informativ xarakter daşıyır. Eyni zamanda, cəmiyyətimizdə bir növ təbliğat missiyasını yerinə yetirir. Bu xarakterli yazılarda etik normaların qorunması problemi yaranmır. Ən çox və köklü problem qadınların iştirak etdiyi hadisələrin, yaxud qadın cinayətlərinin işıqlandırılması zamanı bariz nəzərə çarpır. Başlıqların seçilməsi burada ən ciddi problemdir. Belə ki, medianın günümüzdə reytinq “qayğısı” olduğundan, oxucunun elə yazıların başlığından cəlb etmək istəyi bir çox hallarda etik sərhədlərin kobudcasına pozulmasına gətirib çıxarır. Bu zaman müəlliflər sensasiya xarakterli başlıqlara üstünlük verirlər. Bu tip informasiyanın verilməsində ən başlıca problem cinayət törədən, ya da cinayət qurbanı olan şəxslərin, yaxud hər hansı bir yol qəzaları haqda məlumatlarda hadisə iştirakçılarının cinsiyyətlərinə vurğu olunmasıdır. Məsələn, günümüzdə “qadın sürücü qəzaya səbəb oldu” məzmunlu başlıqlar sırf ucuz reytinq və müzakirə mövzusu olaraq seçilir. Təəsüf ki, bu mövzü geniş şərhlərə və bir qayda olaraq, etik normalardan kənar müzakirələrə gətirib çıxarır. Məhz bu tip müzakirələrdə qadın hüququ anlayışları təhrifə uğrayır. Siz heç “kişi sürücü qəzaya səbəb oldu” başlıqlı yazıyla rastlaşmısınızmı?! Əlbəttə ki, xeyr. Bu başlıq ciddi etik problemi yaradır və müəllifin məqsədi elə öncədən bəllidir. Yaxud, qadın cinayətlərinin işıqlandırılması zamanı “iki uşaq anası xəyanət zəminində həyat yoldaşı tərəfindən öldürüldü” başlıqlı yazı. Artıq bu başlıqda bütün etik normalar, eyni zamanda prosessual qanunlar pozulmuşdur. Cinayət qurbanını Ana olmasından tutmuş, hələ istintaqı aparılan cinayətdə qadının xəyanəti, cinayəti törədənin məhkəmə qərarı olmadan əminliklə deyilməsi heç bir etik norma və standartlara uymur.

Bir başqa problem isə paylaşılan xəbər materiallarının başlıqları üçün seçilən şəkillərdir. Burada da bir çox hallarda etik normaların qorunmaması hallarına rast gəlinir. Məsələn, hər hansı bir xəstəlikdən bəhs edərkən məhz qadın obrazlarının seçilməsi də cəmiyyətdə şüuraltı yanlış assosasiyaların yaradılmasına xidmət edir. Eyni zamanda, reklamlara da diqqət versək qadın bədəninin, qadın “mövzusunun” həddindən artıq istismara məruz qaldığının şahidi oluruq. Bəs bu hallar üçün qanun nə deyir? Qanunun 14.1.4. bəndində məhz irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamasının vacibliyi göstərilir. Bu tələb hətta on ikinci maddədə də öz əksini tapır. Belə ki, loqotip- emblemlərdə də irqi, dini, cinsi və s. ayrı-seçkiliyin yolverilməz olduğu göstərilir.

Problemin real vəziyyətini araşdırmaq məqsədi ilə iki müxtəlif zamanlarda bir sıra qəzetlərin dəqiq vaxt aralığında monitorinqini apararaq qadın mövzusunun işıqlandırılması aspektlərini nəzərdən keçirdik. Seçdiyimiz ilk dövr 2022-ci il noyabr ayı ərzindədir. Bu qəzetlər “Xalq qəzeti”, “525-ci qəzet”, “Azərbaycan müəllimi”, “İki sahil”, “Respublika”. “Azərbaycan”, “Bakinskiy rabociy” qəzetləridir. Bu dövr ərzində “Respublika” qəzetində bir yazı insan hüquqları üzrə müvəkkilin keçirdiyi görüş haqda məlumat (Azərbaycan ilə Türkiyə arasında ailə, qadın problemləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 2023: 3), digər bir sayda qadın və kişi beyinləri arasında bioloji fərqləri araşdıran tədqiqat haqda kiçik məlumat və elə həmin sayda da insan xoşbəxtliyinin maddi vəziyyətlə bağlılığını araşdıran tədqiqat haqda material dərc olunub. Sonuncu material ümüminsani problemin araşdırılmasına həsr olunsa da şəkil olaraq əlində əskinaslar tutmuş gülümsəyən qadın şəkli seçilmişdir. Bu mövzunun davamı olaraq “Yeni Azərbaycan” qəzetinin 11.11.2022-ci il tarixli sayında “Alış-veriş qadınların ən bahalı terapiyasıdır, çünki heç vaxt bitmir” adlı material dərc olunmuşdur. Yəqin ki, yazıda nələrdən bəhs olunduğu heç kimdə şübhə doğurmur. Bu dövr üzrə qadınlara həsr olunmuş yeganə yazı budur. “Səs” qəzetində monitorinq keçirilən ilk dövrdə üç yazı dərc olunmuşdur. Qəzetin 22.11.2022-ci il tarixli sayında iki yazı verilmişdir. Mövzulardan birində gəncləri ailədən uzaqlaşdıran səbəblər təhlil olunmuş digərində isə taksi sürücüsünü şantaj edən qadın haqda kiçik məlumat verilmişdir 24.11.2022-ci il sayında isə bir yazı dərc olunmuşdur. Yazı son dərəcə aktual qadın hüququ ilə əlaqəli mövzuya həsr olunmuşdur və “Abort: həvəs yoxsa cinayət?” adlanır. Lakin yazı səthi xarakter daşıyır. Belə ki, abortun tarixi, səbəbləri, tibbi göstəriciləri, növləri, abortdan əvvəl və sonra edilməsi nəzərdə tutulanlar, qiymətləri, müxtəlif ölkələrdə qanuni prosedurları məsələləri öz əksini tapsa da, Azərbaycanda problemin real vəziyyəti ilə bağlı yuxarıda göstərdiyimiz aspektlərin heç biri dəqiq araşdırılmamışdır. Bu böyük başlıq – boş içlik xarakterli yazıdır ki, belə vacib mövzunun belə işıqlandırılması son dərəcə yanlış yanaşmadır. “Azərbaycan müəllimi” qəzetində bu dövrdə yalnız bir yazı dərc olunmuşdur ki, burada da qadınlar üçün təqaüd proqramı haqda məlumat verilmişdir (Qadınlar üçün “Təqaüd Proqramı” çərçivəsində tələbə qızlara dəstək göstəriləcək. “525-ci qəzet” bu dövr üzrə nəzərdən keçirildikdə bu sahədə vəziyyət nisbətən ən yaxşı sayıla bilər. Belə ki, monitorinq dövründə dörd yazı dərc olunmuşdur. Yazıların hər biri aktual və maraqlı aspektlərdən qadın mövzusuna həsr olunmuşdur. 17.11.2022-ci il sayında “İdman qadınlarda özünə güvən hissi yaradır” başlığı ilə taekvando üzrə dünya və Avropa çempionu Fəridə Əzizova ilə müsahibə dərc olunmuşdur ki, burada Azərbaycanda professional idmanda qadınların yeri və nailiyyətləri, bu yolda bir qadın olaraq mümkün və labüd çətinlikləri, qız uşaqlarına tətbiq olunan “xüsusi qadağalar” və ailələrin münasibəti kimi mühüm suallar cavablandırılmışdır. 18.11.2022-ci il saylı yazıda müasir Azərbaycan qadınının ictimai mövqeyi, bu yolda tarixi yolu, bu istiqamətdə fəaliyyət göstərən strukturların beynəlxalq təşkilatlarla əməkdaşlığı, qoşulduğu konvensiyalar, protokollar, qəbul edilmiş qanunvericilik aktları, gender siyasəti ətraflı təhlil olunmuşdur. 23.11.2022-ci il sayında dərc olunmuş yazıda Britaniya səfirinin ADA unuversitetində “Davamlı Sabah üçün Qadınlar” mövzusunda konfransda “Böyük Qayıdışda” qadınların daha fəal mövqedən çıxış etmələri, hətta ANAMA əməliyyatlarında belə artıq qadın komandaların mövcudluğu müsbət hal olaraq göstərilməsi fikirləri əksini tapmışdır Diqqətimizi yaxşı mənada çəkən isə 24.11.2022-ci il tarixli sayında dərc olunmuş “Qız qarğaşası” yazısı oldu. Burada qız övladlarının dünyaya gəlməsinə cəmiyyətdə və ailələrdə formalaşmış münasibət, Azərbaycanda dünyaya gələn uşaqların cinsi nisbəti, bu məsələdə Şərq-Qərb yanaşması, bir sıra mütəxəssis və millət vəkillərinin bu problemlə bağlı fikirləri öz əksini tapır.

Gördüyümüz mənzərə ondan ibarətdir ki, bir ay ərzində istisnalar nəzərə alınmaqla respublikanın aparıcı qəzetləri qadın mövzusuna demək olar ki ya səthi, yaxud ümumiyyətlə müraciət etməmişlər.

Bu mövzuya yenidən Azərbaycan qadınlarının VI qurultayı keçirilən zaman fonunda, müqaisə məqsədi ilə yenidən qayıtdıq. Bu monitorinq üçün isə artıq 2023-cü ilin 16-23 oktyabr aralığında dərc olunmuş qəzet materialları nəzərdən keçirilmişdir. Bu dövr də təsadüfi seçilməmişdir. Belə ki, 19.10.2023-cü il tarixdə Azərbaycan qadınlarının VI qurultayı keçirilmişdir. Məqsədimiz dövlət səviyyəli tədbirin fonunda işıqlandırılan xəbər və problemlərin xüsusiyyətlərini təhlili idi. Azərbaycan qadınlarının VI qurultayı haqqında məlumat demək olar ki, nəzərdən keçirdiyimiz bütün qəzetlərin rəsmi məlumat üçün ayrılmış səhifələrində verilmişdi və məzmun baxımından fərqlənmirdilər. “İki sahil” qəzetinin 18.10.2023-cü il tarixli sayında Yapon qadınlarının qoçalmamaq və kökəlməmək “problemlərinə” həsr olunmuş yazı verilmişdir (Süleymanova, 2023: 8) “525-ci qəzetdə” isə ailə problemlərinin həlli zamanı psixoloq xidmətindən istifadə haqqında müsahibə dərc olunmuşdur. “Azərbaycan” qəzetinin 19.10.2023-cü il tarixli sayında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitənin üzlərinin Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabər imkanları komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə rəsmi görüş haqqında məlumat verilmişdir. Və nəhayət, mövzu çərçivəsində “Bakinskiy rabociy” qəzetinin 20.10.2023-cü il tarixli sayında erkən nigah probleminin səsləndirildiyi yazıya rast gəlirik.

Nə qədər parodaksal səslənsə də Azərbaycan kimi maarifçilik ənənələri, qadın məsələlərində hüquqi bazası və problemin həlli yolunda yetərincə tarixi təcrübəsi, dövlət tərəfindən düşünülmüş və dəstəklənən Qadın məsələləri üzrə strategiyası  mövcud olan bir ölkə üçün bu problem son dövrlərdə aktuallaşmışdır. Bu baxımdan problemin səsləndirilməsi, cəmiyyətdə müzakirə olunaraq həlli yolları axtarılması, ümumilikdə müzakirə platforması yaradılması vacibdir.

Onu qeyd etmək istərdik ki, belə müzakirə platforması internet məkanda daha effektivdir, ancaq eyni zamanda da daha çox subyektiv xarakter daşıyır.  İnternet məkanda, xəbər saytlarında paylaşılan məlumatların geniş oxucu kütləsinə çatması tempi və onların müzakirəyə cəlb olunması mexanizmi daha çevik və qısamüddətlidir. Bəs görəsən qəzet yazılarını təhlil etdiyimiz dövrdə saytlar hansı məlumatlarla bölüşüblər? Gəncədə küçəyə atılan azyaşlılar haqda məlumat (“Axar.az”, “Qafqazinfo”), kəndlərdə geniş yayılmış erkən nigah problemi haqda (“Oxu.az”), qanuni nigah yaşı ilə əlaqədar istisnaların ləğvi haqda (“Axşam.az”). Təəssüf ki, digər xəbərlər kriminal xəbərlərdir. Əminik ki, digər xəbər portallarına nəzər salsaq, yenə də bu kimi yazılara rast gələcəyik. Məsələ ondadır ki, faktiki olaraq rəsmi məlumatlardan başqa, müxtəlif məqsədli və müxtəlif səpkili yazılar heç də yetərincə aktual və bütün platformalarda müzakirəsi mütləq və vacib olan məsələləri əhatə etmir. Yaxud reytinq qayğısından düzgün rakursdan təqdim olunmur. Müzakirəsi vacib olan problemlərin səsləndirilməsi və həlli yollarının axtarılması üçün cəmiyyətimizin bütün təbəqələrinin cəlb olunmasının vacibliyi danılmazdır. Müzakirələrin təşkili və rəy formalaşması olmadan bu problem hələ ki kiçik bir qisim əhali üçün aktualdır. Lakin diqqət verilməzsə daha da dərinləşmə və böyümə təhlükəsi mümkündür. Bu zaman məsələlərin həlli real deyil.

Müşahidə etdiyimiz digər maraqlı məqam isə ondan ibarətdir ki, bir çox hallarda ümumi auditoriyanı əhatə edən bəzi neqativ yüklü xəbərlərdə seçilmiş şəkillərdə daha çox qadınların yer aldıqları şəkillər olur. Fikrimizcə, bu da özlüyündə bir diskriminasiya halı kimi dəyərləndirilə bilinər.

Biz düşünülmüş şəkildə fərqli qaynaqlara müraciət etmişik. Daha çox rəsmi məlumatlara yer ayıran dövlət qəzetlərinin səhifələrində və internet xəbər saytlarında səslənən məlumatlar əksini tapmışdır. Ancaq gördüyümüz kimi, mövzu və səsləndirilən məlumatlar baxımından fərq demək olar ki yoxdur. Bir çox hallarda məlumat sadəcə səsləndirilir. Onun yaranma səbəbləri, necə qarşısını almaq olardı yaxud çıxış yolu haradadır suallarına cavab axtarılmır. Bəzi hallarda isə mediada qadın mövzusunun səsləndirilməsi sadəcə şablon xarakter daşıyır. Əslində isə reytinq “qayğısı” fonunda media cəmiyyətdə öz maarifləndirici missiyasını unutmuş kimi görsənir. Bir çox problem və cəmiyyətdə rezonans doğuran cinayətlərin qarşısı alınması məhz maariflənmə yolu ilə mümkündür. Etik normaları qoruyaraq xəbər təqdimatı ənənəsi olarsa və media bu missiyasını layiqincə yerinə yetirməyə çalışarsa, günümüzdə cəmiyyətimiz üçün faydalı alətə çevrilə bilər.

Tarverdiyeva Səbinə,
Bakı Slavyan Universitetinin dosenti         

Oxşar Xəbərlər

Back to top button