AnalitikaGündəmSiyasət

Azərbaycan qadınlarının tarixi və müasir cəmiyyətdə rolu

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki mövqeyi və rolu həm xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri və ənənələrinə verdiyi yüksək hörmət, həm də dövlət tərəfindən həyata keçirilən məqsədyönlü qadın siyasəti nəticəsində mühüm əhəmiyyət kəsb edir. Dövlət quruculuğu, sosial rifah və təhsil sahələrində qadınların aktiv iştirakı, onların hüquq və imkanlarının genişləndirilməsi üçün qəbul edilən qanunvericilik aktları və dövlət proqramları qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun gücləndirilməsinə şərait yaratmışdır. Bu siyasət nəticəsində qadınlar yalnız ailə və mədəniyyətin qoruyucusu kimi deyil, eyni zamanda ictimai-siyasi, iqtisadi və elmi sahələrdə aparıcı qüvvə kimi çıxış edir, ölkəmizin inkişaf prosesinə mühüm töhfələr verməkdədirlər. Azərbaycan qadınının həm ailə institutunda, həm peşə fəaliyyətində, həm də geniş ictimai həyatda layiqli mövqeyi ölkənin sosial və iqtisadi firavanlığının təminatlarından biri hesab olunur. Qadınlar milli-mənəvi dəyərlərin qorunmasında, ailə tərbiyəsinin formalaşmasında və cəmiyyətin mədəni inkişafında aparıcı rol oynayırlar. Dünya mədəniyyətinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi və mədəni irsinin formalaşması və inkişafında qadınların əvəzsiz töhfəsi olmuşdur. Tarixin müxtəlif dövrlərində Azərbaycan qadınları xalqın taleyüklü məsələlərinin həllinə fəal qatılmış, onların bir çoxunun adı isə xalqımızın çoxəsrlik tarixinin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Tarixə nəzər yetirdikdə Şərq ölkələri arasında qadınların seçib-seçilmək hüququ ilk dəfə olaraq Azərbaycanda tanınmışdır. Xüsusilə, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınları siyasi hüquqlara malik olaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar. Qadınların bu hüququ əldə etməsi onların cəmiyyətin idarə olunmasında, qərarqəbuletmə proseslərində iştirak imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Eyni zamanda, sürətlə maariflənən Azərbaycan qadınları tarix boyu formalaşmış milli-mənəvi dəyərlərə sadiq qalaraq, ana dilimizin, milli mədəniyyətimizin və mənəvi irsimizin etibarlı qoruyucusu və ötürücüsü rolunu yerinə yetirmişlər. Onların fəaliyyəti həm cəmiyyətin inkişafında, həm də milli kimliyin gələcək nəsillərə ötürülməsində əvəzsiz əhəmiyyət kəsb edir.

XX əsr bütün dünyada qadınların ictimai-siyasi, iqtisadi və mədəni sahələrdə rolunun əhəmiyyətli şəkildə artdığı bir dövr kimi tarixə düşmüşdür. Bu mövqedə yanaşaraq qeyd etmək lazımdır Azərbaycan qadını həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sovet hakimiyyəti illərində yaradılmış təhsil, sosial və peşə imkanlarından xalqın, dövlətin və cəmiyyətin maraqları naminə məqsədyönlü və səmərəli şəkildə istifadə etmişdir. Onlar həm ictimai, həm də mədəni sahələrdə aktiv fəaliyyət göstərərək, Azərbaycan cəmiyyətinin inkişafına sanballı töhfələr vermişlər.

Azərbaycan Respublikasının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə Azərbaycan qadını daim yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyev qadın siyasətini Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biri kimi qiymətləndirirdi. Onun rəhbərliyi dövründə qadınların hüquq və imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmış, qadınların cəmiyyətdə rolunun artırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu Öndər qadın hərəkatının inkişafını dəstəkləmiş, qadınlarla bağlı məsələlərdə həmişə xüsusi qayğı və diqqət göstərmişdir.

1995-ci ildə Ümummilli Lider tərəfindən imzalanmış və son dərəcə mütərəqqi hüquqi əhəmiyyət daşıyan fərmana uyğun olaraq, Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşularaq qadın hüquqlarının beynəlxalq standartlar səviyyəsində qorunmasını təmin etmişdir. Bununla yanaşı, Ümummilli Lider ölkə həyatının bütün sahələrində qadınların fəal iştirakına şərait yaratmış, onların ictimai-siyasi, mədəni və iqtisadi fəaliyyətinə geniş imkanlar vermişdir. Bu siyasət nəticəsində qadınlar yalnız ailə və sosial sahədə deyil, eyni zamanda dövlət idarəçiliyi, təhsil, mədəniyyət və digər sahələrdə də önəmli rol oynamağa başlamışlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin siyasətini layiqli davam etdirərək, qadınların cəmiyyətdəki rolunu həmişə yüksək qiymətləndirir. İlham Əliyevin Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunur:  “Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir…., Azərbaycan qadınları, eyni zamanda, maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir.”

Hər bir cəmiyyətin dayanıqlı inkişafı və xoşbəxt gələcəyi onun qadınlarının mövqeyi və fəaliyyətindən birbaşa asılıdır. Bu gün müstəqil Azərbaycan qadınının həm ailə institutunda, həm peşə fəaliyyətində, həm də geniş ictimai həyatda layiqli mövqeyi dövlətimizin sosial-iqtisadi və mədəni inkişafının, həmçinin xalqımızın firavan həyatının mühüm təminatlarından biri hesab olunur. Respublikamızda formalaşmış demokratik mühit qadınların bütün potensialının reallaşdırılması üçün əlverişli zəmin yaratmış, onların təhsil, elm, idarəetmə, mədəniyyət və digər sahələrdə fəal iştirakına geniş imkanlar təqdim etmişdir. Azərbaycan dövlətinin qadın siyasəti hər cür ayrı-seçkiliyin aradan qaldırılmasını, qadınların hüquq və imkanlarının bərabər səviyyədə təmin edilməsini əsas hədəf kimi müəyyən etmişdir. Bu siyasət çərçivəsində qəbul edilən qanunvericilik aktları, dövlət proqramları və təşəbbüslər qadınların cəmiyyətdəki rolunu möhkəmləndirməklə yanaşı, onların sosial statusunun və peşə fəaliyyətinin daha da inkişafına şərait yaratmışdır.

Əmirova Günəş Səxavət qızı,
Bakı Slavyan Universitetinin
Tələbə qeydiyyatı və sənədələşməsi şöbəsinin baş mütəxəssisi

Oxşar Xəbərlər

Back to top button