
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında etdiyi çıxışlar, ölkənin enerji sahəsindəki müstəsna rolu və gələcək planlarını bir daha vurğuladı. Prezident, həmçinin Azərbaycan və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında böyük uğurlar əldə etdiyini və bu uğurların davamlı inkişafın təməli olduğunu qeyd etdi.
Prezident Əliyev, Cənub Qaz Dəhlizi çərçivəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edərək, bu təşəbbüsün artıq 12 ildir uğurla davam etdiyini vurğuladı. Bu dövr ərzində Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atıldığını qeyd edən Prezident, Azərbaycanın öz qaz ehtiyatlarından istifadə edərək, regionda və dünyada enerji təchizatı sistemlərinin daha dayanıqlı olmasına töhfə verdiyini bildirdi.
Son 12 il ərzində qarşıya çıxan müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan və tərəfdaş ölkələr arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olundu. Prezident, enerji sahəsindəki irəliləyişlərin həm Azərbaycanın, həm də digər ölkələrin inkişafına müsbət təsir etdiyini qeyd etdi.
Azərbaycanın qaz tədarükü ilə bağlı daha geniş bir coğrafiyada fəaliyyət göstərməsi, ölkənin enerji sahəsindəki mühüm irəliləyişlərindən biridir. İlham Əliyev, Azərbaycan qazının 16 ölkəyə çatdığını, bu sahədə ölkənin dünyada birinci sırada olduğunu bildirdi.
Özəl sektorun və dövlətin birgə təşəbbüsləri ilə qaz təchizatının şaxələndirilməsi vacib strateji istiqamət kimi irəliləyir. Prezident, Suriyaya qaz tədarükünün başlanmasını, bu addımın elektrik enerjisi çatışmazlığı ilə üzləşən ölkəyə mühüm dəstək olduğunu vurğuladı.
Bundan əlavə, Azərbaycan Avropanın enerji bazarına çıxışını daha da genişləndirmək niyyətindədir. 2023-cü ildə artıq Almaniya və Avstriyaya qaz tədarükü başlanıb. Bu addım, Azərbaycanın Avropa bazarında mövcudluğunu genişləndirmə məqsədini daha da gücləndirir.
Yaşıl enerji sahəsində də Azərbaycanın əldə etdiyi uğurlar diqqətə layiqdir. İlham Əliyev, regionda indiyə qədərki ən böyük külək elektrik stansiyasının açılışını qeyd etdi. Həmçinin, “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Günəş elektrik stansiyasının açılışı, Azərbaycanın alternativ enerji sahəsindəki potensialını artıran mühüm layihələrdən biridir.
Prezident, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi planlaşdırdıqlarını da bildirdi. Bu, həm daxili tələbatı qarşılama, həm də ixrac imkanlarını artırma baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident, Azərbaycanın hidroenerji sahəsindəki inkişafını da qeyd etdi. 307 meqavat gücündə hidroelektrik stansiyalarının artıq fəaliyyətə keçdiyini və bu rəqəmin 2-3 il ərzində iki dəfə artırılmasının planlaşdırıldığını bildirdi. Bu cür layihələr, Azərbaycan üçün dayanıqlı və ucuz enerji təminatının əsasını qoyur.
Eyni zamanda, ölkə lideri, yeni enerji kabel xətləri və digər infrastruktur layihələri üzərində işlərin davam etdiyini də qeyd etdi. Bu cür təşəbbüslər, Azərbaycanın enerji bazarında mövqeyini daha da gücləndirir və qlobal enerji təhlükəsizliyinə töhfə verir.
İlham Əliyevin çıxışları, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların və gələcək planlarının aydın bir təsvirini təqdim edir. Həm ənənəvi enerji mənbələri, həm də bərpaolunan enerji sahələrindəki inkişafa yönəlmiş strateji addımlar, ölkənin enerji təhlükəsizliyini daha da gücləndirir və Azərbaycanın beynəlxalq aləmdə mühüm enerji təminatçısı rolunu möhkəmləndirir.
Bu baxımdan, Azərbaycanın enerji sahəsindəki fəaliyyəti yalnız regional deyil, həm də qlobal səviyyədə əhəmiyyətli nəticələrə gətirib çıxarır. Prezidentin sözləri, Azərbaycanın enerji sektorunda daha geniş şəbəkələr qurma, daha dayanıqlı və təmiz enerji mənbələrinə yatırım etmə məqsədinə doğru davamlı irəliləməsini göstərir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



