AnalitikaGündəmSiyasət

Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edərək enerji təhlükəsizliyi məsələlərinin qlobal miqyasda artan əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, artıq 12 ildən çoxdur davam edən bu təşəbbüs çərçivəsində ölkələr arasında əməkdaşlıq dərinləşib və enerji təhlükəsizliyi sahəsində mühüm nəticələr əldə olunub. Mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına real töhfə verə bilib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.

Yaşıl enerji gündəliyinə də toxunan dövlətimizin başçısı qeyd edib ki, alternativ enerji sahəsində mühüm addımlar atılıb. Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verildiyini bildirən dövlət başçısı layihənin ACWA Power tərəfindən icra olunduğunu vurğulayıb. 2023-cü ildə isə Masdar tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilib. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etmək planlaşdırılır. Onun sözlərinə görə, bu enerji ixrac potensialını artırmaqla yanaşı, daxili bazarda təbii qaza qənaət etməyə imkan verəcək. Dövlət başçısı enerji siyasətində praqmatik yanaşmanın vacibliyini xüsusi qeyd edərək bildirib ki, qazıntı yanacaqları tamamilə nəzərə almamaq real yanaşma deyil. O vurğulayıb ki, həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin balanslı inkişafı əsas prioritetdir.

Ölkə başçımız Azərbaycanın tranzit ölkə kimi roluna diqqət çəkərək Qazaxıstan və Türkmənistan neftinin nəqlində ölkəmizin mühüm mövqe tutduğunu bildirib. Bundan əlavə, Türkiyə və Serbiyada elektrik stansiyalarının inşası, İtaliya və Egey bölgəsində neftayırma müəssisələrinin əldə olunması Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir.

Çıxışının sonunda Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edərək Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

 

 

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

 

 

Oxşar Xəbərlər

Back to top button