
Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri, keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş kimi qəbul edilir.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası qlobal enerji gündəliyinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlığın və qarşılıqlı etimadın rolunu xüsusi vurğulayaraq Azərbaycanın bu sahədə artan əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır. Dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi.
Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir.
Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların Azərbaycan qazını alan ölkələr sırasına qoşulması ölkəmizin Avropa bazarında mövqelərinin sarsılmaz olduğunu nümayiş etdirir. İxracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış imkanlarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlığının əsas elementidir.
Göründüyü kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Məhz İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin reallaşması da aparılan uğurlu siyasətin nəticəsidə nəinki region, həmçinin bütün Avropa üçün ən vacib təşəbbüslərdən biridir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



