AnalitikaGündəmSiyasət

Azərbaycan Enerji Təhlükəsizliyinin və Yaşıl keçidin etibarlı tərəfdaşıdır

 

İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib və bu siyasət ardıcıl şəkildə davam etdirilir. O vurğuladı ki, enerji təhlükəsizliyi bu gün bir çox ölkələr üçün prioritet məsələdir və Azərbaycan bu sahədə mühüm rol oynayır.

Prezident çıxışında Cənub Qaz Dəhlizinin əhəmiyyətinə toxunaraq bildirdi ki, bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu nəhəng enerji infrastrukturu layihəsi Avropanın enerji şaxələndirilməsinə mühüm töhfə verir. Dövlət başçısı qeyd etdi ki, layihənin genişləndirilməsi və yeni bazarlara çıxış imkanları üzərində işlər davam etdirilir.

İlham Əliyev həmçinin Azərbaycanın zəngin enerji resurslarına və mövcud infrastruktur imkanlarına diqqət çəkdi. O bildirdi ki, ölkəmiz təkcə qaz ixracatçısı kimi deyil, həm də enerji marşrutlarının təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş kimi tanınır. Bu baxımdan Azərbaycan ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq gündən-günə genişlənir və yeni müqavilələr imzalanır.

Çıxışın mühüm hissələrindən biri yaşıl enerji gündəliyinə həsr olundu. Prezident vurğuladı ki, Azərbaycan bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və beynəlxalq şirkətlərlə əməkdaşlıq ölkənin enerji strategiyasında yeni mərhələ açır. Bu istiqamətdə həyata keçirilən layihələr həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.

Dövlət başçısı enerji keçidinin mərhələli və balanslı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji layihələrinin inkişafı paralel şəkildə aparılmalıdır. Bu, həm iqtisadi sabitliyin qorunmasına, həm də ekoloji hədəflərin reallaşdırılmasına şərait yaradır.

Sonda Prezident İlham Əliyev beynəlxalq tərəfdaşlara təşəkkür edərək vurğuladı ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. O qeyd etdi ki, Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və yaşıl enerji keçidinin sürətləndirilməsi istiqamətində üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcək.

 

 

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

 

Oxşar Xəbərlər

Back to top button