AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İlk olaraq Yeni Azərbaycan Partiyası haqqında videoçarx nümayiş etdirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır günlərində, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs etmiş, rayon təşkilatının 33 il ərzində keçdiyi şərəfli yol haqqında danışmışdır.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxışında YAP-ın regionda ən böyük siyasi qüvvəyə çevrildiyini bildirmiş, Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyi barədə danışmışdır.

Vətən müharibəsi şəhidi Elçin Nadirovun anası Rəmziyyə Nadirova çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasətindən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, hər zaman şəhid ailələrinə diqqət və ehtiramla yanaşan YAP Şəki rayon təşkilatına təşəkkürünü bildirmişdir.

Partiya veteranı Novruzəli Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunduğu ilk illərdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdən danışıb. O qeyd edib ki, həmin dövrdə partiyanın yaranması və təşkili prosesi heç də asan olmayıb. Partiya üzvləri müxtəlif çətinliklərlə, təzyiqlərlə və maneələrlə üzləşsələr də, öz əqidələrinə sadiq qalaraq mübarizələrini davam etdiriblər. Bildirib ki, əldə olunan bütün uğurların əsasında partiya üzvlərinin birliyi, sədaqəti və dövlətə xidmət prinsipi dayanır.

Aydınbulaq ərazi partiya təşkilatının sədri Elçin Vəliyev çıxışında Yeni Azərbaycan Partiyasında, həmçinin rayon təşkilatının fəaliyyətində ərazi partiya təşkilatlarının rolu və əldə olunmuş nailiyyətlərdən danışıb.

Sonra YAP Şəki rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Kanal S tv-yə təşəkkürnamə, partiya veteranlarına hədiyyələr və yeni üzvlərə vəsiqələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button