AnalitikaGündəmSiyasət

Enerji siyasətimiz gələcəyə yönəlmiş investisiyadır

Azərbaycanın ekoloji və enerji strategiyası bu gün reallığa söykənən balanslı yanaşma ilə seçilir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, müasir dünyada fosil yanacaqları tamamilə inkar etmək real deyil. Ölkə uzunmüddətli qaz ehtiyatlarına malik olmaqla yanaşı, paralel şəkildə yaşıl enerjiyə iri həcmli sərmayələr yönəldir. Bu siyasət ənənəvi enerji ilə bərpa olunan mənbələrin rəqabəti deyil, tamamlayıcılığı prinsipinə əsaslanır.
Son illər alternativ enerji sahəsində konkret nəticələr əldə olunub. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə əməkdaşlıq çərçivəsində 240 MVt gücündə külək elektrik stansiyası istifadəyə verilib. Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin inşa etdiyi 230 MVt-lıq günəş elektrik stansiyası isə artıq enerji sisteminə töhfə verir. Qarşıdakı illərdə generasiya gücünün 6–8 QVt-a çatdırılması planlaşdırılır və bu hədəf konkret müqavilələrlə möhkəmləndirilib. İşğaldan azad olunmuş ərazilərdə hidroenergetika potensialı da sürətlə reallaşdırılır – artıq yüzlərlə meqavat güc şəbəkəyə qoşulub və yaxın perspektivdə bu göstəricinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Enerji diplomatiyası sahəsində ölkəmizin rolu genişlənir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və boru kəməri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünya miqyasında lider mövqedədir. İxrac coğrafiyasına Almaniya və Avstriya da daxil olmaqla Avropa İttifaqının 10 üzvü daxildir. Yeni yataqların istismara verilməsi bu potensialı daha da artıracaq. Xüsusilə Azəri-Çıraq-Günəşli blokunda dərin qaz laylarının işlənməsi, Abşeron yatağının tammiqyaslı inkişafı, Ümid yatağının ikinci mərhələsi və Şahdəniz üzrə yeni faza əlavə olaraq milyardlarla kubmetr qaz hasilatına imkan yaradacaq.
Bununla yanaşı, Azərbaycan regional enerji habı funksiyasını da gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti, İtaliya və Türkiyədəki emal güclərinə yatırımlar, həmçinin Qara dənizin dibi ilə Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsi ölkənin strateji baxışını nümayiş etdirir. ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq isə enerji idarəçiliyində rəqəmsal həllərin və süni intellekt tətbiqlərinin genişlənməsinə şərait yaradır.
Bu gün Azərbaycanın enerji strategiyası sadəcə xammal ixracına əsaslanmır. Ölkə rəqəmsal iqtisadiyyatın, data mərkəzlərinin və innovativ sənayelərin inkişafını təşviq edir, onları təmiz enerji ilə təmin etməyi qarşıya məqsəd qoyur. Beləliklə, Azərbaycan qlobal enerji xəritəsində həm etibarlı tərəfdaş, həm də dayanıqlı gələcəyə yönəlmiş təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button