
26 fevral tarixi Azərbaycan xalqının yaddaşına qanla yazılmış, milli faciə və ümummilli kədər günü kimi həkk olunmuşdur. Bu tarix təkcə bir şəhərin deyil, bütövlükdə bir xalqın üzləşdiyi misilsiz vəhşiliyin simvoludur. Xocalı soyqırımı insanlığa, bəşəri dəyərlərə və beynəlxalq hüquqa qarşı törədilmiş ağır cinayət kimi tarixə düşmüşdür.
Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinə verdiyi qiymətdə bu həqiqəti xüsusi vurğulamışdır: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri baş verdi. Ermənistanın millətçi-şovinist qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində Xocalı şəhəri yer üzündən silinməyə məruz qaldı. Dinc əhali – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, insanlar xüsusi qəddarlıqla işgəncələrə məruz qaldılar.Bu faciə təsadüfi hərbi əməliyyat deyil, iki yüz ildən artıq müddətdə azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin qanlı davamı idi. Xocalı hadisələri erməni millətçiliyinin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoydu.
Xocalıda törədilən vəhşiliklər yalnız insan itkisi ilə məhdudlaşmadı. Şəhər talan edildi, yandırıldı, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları dağıdıldı. Minlərlə insan doğma yurdundan didərgin salındı. Xocalı uzun illər xarabalığa çevrilərək işğalın və ədalətsizliyin simvolu oldu.
Erməni silahlı birləşmələrinin törətdiyi cinayətlər statistik rəqəmlərlə ifadə olunsa da, bu rəqəmlərin arxasında insan taleləri, yarımçıq qalan ömürlər və heç vaxt sağalmayan mənəvi yaralar dayanır.
Azərbaycan dövləti Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir. 26 fevral tarixinin “Soyqırımı Günü” kimi qeyd olunması milli yaddaşın qorunması, faciənin unudulmaması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün “Xocalıya ədalət!” çağırışı təkcə Azərbaycan cəmiyyətinin deyil, beynəlxalq ictimaiyyətin vicdanına ünvanlanmış haqlı tələbdir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Xocalı Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur və bu faciə ilə barışmaq mümkün deyildi. Dövlət başçısının sözləri bu tarixi həqiqəti əks etdirir:
“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.”
Xocalının azad olunmasından sonra Prezident İlham Əliyevin bu əraziyə çoxsaylı səfərləri, Soyqırımı Memorialının təməlqoyma mərasimi, Dövlət Bayrağının ucaldılması, infrastrukturun bərpası və sakinlərin doğma yurdlarına qayıdışı tarixi ədalətin bərpasının bariz nümunəsidir. Bu səfərlər Xocalının artıq yalnız faciə deyil, həm də dirçəliş və qayıdış məkanı olduğunu göstərir.
Bu gün Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında həm ağrı, həm də mübarizə rəmzidir. Faciənin unudulmaması, beynəlxalq aləmdə tanıdılması və hüquqi-siyasi qiymət alması dövlətimizin və hər bir vətəndaşın mənəvi borcudur.
26 fevral təkcə matəm günü deyil, həm də ədalət uğrunda mübarizənin, həqiqətin qorunmasının və milli birliyin simvoludur. Xocalı şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Kərimova Nurəngiz,
Bakı Slavyan Universitetinin müəllimi



