
XX əsrin sonlarında baş vermiş ən dəhşətli humanitar faciələrdən biri kimi tarixə düşən Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur düşmənimiz erməni təcavüzkarları tərəfindən törədilmiş bu qətliam yalnız bir şəhərin işğalı deyil, dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi zorakılıq aktı kimi qiymətləndirilir. Xocalıda törədilən hadisələr miqyasına, qəddarlığına və mülki insanların hədəfə alınmasına görə XX əsrin ən ağır cinayətlərindən sayılan Holokost soyqırımı ilə müqayisə olunur.
Holokost hadisəsi II Dünya müharibəsi dövründə (1939-1945) milyonlarla insanın milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsi ilə yadda qalıb. Yəhudilərə qarşı kütləvi soyqırımlar Almaniyanın Nasist partiyasının lideri Adolf Hitler tərəfindən təşkil edilmişdi. Holokost soyqrımı, qətliamı nəticəsində təxminən 6 milyon Yəhudi insan sistemli şəkildə öldürülmüşdür.
Xocalı şəhəri Qarabağ bölgəsində strateji mövqeyə malik yaşayış məntəqəsi idi. Şəhər mühasirəyə alındıqdan sonra mülki əhalinin çıxışı demək olar ki, mümkünsüz hala gətirilmişdi. Fevralın 26-da şəhərə hücum zamanı törədilmiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu hadisələr yalnız hərbi əməliyyatların nəticəsi deyil, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi ilə müşayiət olunan məqsədli zorakılıq aktı kimi qiymətləndirilir. Tarixdə Holokost zamanı da müəyyən etnik və milli mənsubiyyətə görə insanların sistemli şəkildə məhv edilməsi siyasəti yürüdülmüşdü. Bu baxımdan Xocalıda baş verənlər də insanlıq əleyhinə cinayət kimi beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir.
Xocalı faciəsi Holokost soyqrımından miqyas etibarilə fərqli olsa da, bir sıra mühüm oxşarlıqlar diqqəti cəlb edir. Mülki əhalinin hədəfə alınması, kütləvi zorakılıq və qəddarlıq, humanitar hüququn pozulması, tarixi yaddaş və ədalət tələbi hər iki faciənin oxşar cəhətləridir. Bu oxşarlıqlar Xocalı faciəsinin yalnız regional münaqişənin epizodu deyil, bəşəri dəyərlərə qarşı yönəlmiş ağır cinayət olduğunu göstərir.
“Xocalı soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı Soyqırımı Günü” kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan dövləti və diaspor təşkilatları uzun illərdir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün ardıcıl fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti və bir sıra ölkələrin parlamentlərində bu faciə ilə bağlı müzakirələr aparılmış, müxtəlif sənədlərdə mülki əhaliyə qarşı zorakılıq pislənmişdir. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı hadisələrini kütləvi qırğın və insanlıq əleyhinə cinayət kimi tanıyan qərarlar qəbul etmişdir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında yalnız kədərli xatirə deyil, həm də milli birlik və ədalət uğrunda mübarizə rəmzidir. Hər il fevralın 26-da keçirilən anım mərasimləri, yürüşlər və beynəlxalq tədbirlər qurbanların xatirəsinin yaşadılması ilə yanaşı, gələcək nəsillərə sülhün və insan hüquqlarının qorunmasının vacibliyini xatırladır.
2020-ci il 44 günlük Vətən müharibəsində misilsiz igidlik, qəhrəmanlıq nümunələri göstərən rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağı işğaldan azad etməklə və 2023-cü ilin sentyabrın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Xocalı şəhərinin erməni seperatçılarından təmizləməsilə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin qisası alındı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində dövlət bayrağımızı ucaltdı.
Xocalı faciəsinin 34-cü ildönümü bir daha göstərir ki, tarixdə baş verən belə ağır cinayətlərin unudulmaması və düzgün qiymətləndirilməsi bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır. Holokost kimi, Xocalı da insanlığa qarşı törədilmiş cinayətlərin təkrar olunmaması üçün xəbərdarlıqdır.
Bu faciənin beynəlxalq aləmdə daha geniş tanınması, hüquqi-siyasi qiymət alması və qurbanların xatirəsinin daim yad edilməsi sülh, ədalət və humanizm prinsiplərinin qorunmasına xidmət edir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



