
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətmişdir. Faciə günü şəhəri tərk etməyə çalışan əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında atəşə tutulmuş və ya əsir götürülmüşdür. Hücumdan sonra şəhərdə qalan 2500-ə yaxın sakin azərbaycanlıların nəzarətində olan əraziyə çatmaq üçün Xocalını tərk etməyə cəhd göstərmiş, əsasən qadın və uşaqlardan ibarət olan bir qismi dağlarda təqibdən gizlənərkən donvurma nəticəsində həlak olmuşdur. Rəsmi rəqəmlərə əsasən, soyqırımı nəticəsində 613 nəfər öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailədən yalnız 1 nəfər sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 230 ailə öz başçısını itirmişdir. 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülmüş, 1165 nəfər girovluqdan azad edilmiş, 150 nəfərin taleyi isə naməlum qalmışdır. İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmiş, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdılmış, XIV–XV əsrlərə aid abidələr və qəbiristanlıq yerlə-yeksan edilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etmiş, 25 fevral 1997-ci il tarixli Sərəncama əsasən isə hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsi elan olunmuşdur. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir. Aparılmış istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərdə soyqırımı cinayətinin elementlərinin mövcudluğu müəyyən edilmişdir.
Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri və ABŞ-ın 24 ştatı tərəfindən tanınmış, 20 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında bu cinayət soyqırımı kimi qəbul edilmiş, 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Konfransında üzv dövlətlər Xocalı soyqırımının tanınmasına çağırılmışdır. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış və bir çox ölkələrdə fəaliyyət göstərmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmiş, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənmiş, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərdə Dövlət Bayrağını ucaltmışdır. Hər il fevralın 26-da Bakıda “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalamış, memorial kompleksdə faciənin tarixi, qurbanların və şahidlərin hekayələri, sənədli materiallar və Xocalının işğaldan azad olunması ilə bağlı məlumatların əks olunması nəzərdə tutulmuşdur.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



