AnalitikaGündəmSiyasət

Azərbaycan-Serbiya ikitərəfli əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycan-Serbiya ikitərəfli əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycanla Balkan ölkələri arasında ikitərəfli əlaqələrin böyük tarixi var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Balkan ölkələri arasında müxtəlif sahələrdə münasibətlərin qurulması, formalaşması, bütün bunların dövlətçiliyimizin və xalqımızın inkişafında oynadığı mühüm rolu öz bəhrəsini verməkdə davam edir.
Hazırda müasir çağırışlar qarşısında slavyan və türk xalqlarının tarixi seçimini müdafiə etmək, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına hərtərəfli kömək etmək prinsipial əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 fevral tarixində Serbiya Respublikasına rəsmi səfəri zamanı mətbuat üçün bəyanatla çıxış edərkən qeyd etmişdir: “Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var”. Bunun məntiqi nəticəsi kimi, Azərbaycan və Serbiya hər zaman beynəlxalq arenada bir birinə hərtərəfli dəstək vermişdir. Belə ki, Serbiya Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini dəstəkləyib.
Müxtəlif səviyyələrdə bir çox ikitərəfli görüşlər keçirilib və bu görüşlər zamanı enerji, investisiya, müdafiə sənayesi və infrastruktur layihələri müzakirə olunub. Azərbaycan şirkətləri Serbiyada yol və infrastruktur layihələrində iştirak edib. Serb şirkətləri isə Azərbaycanda tikinti və sənaye layihələrində fəaldır. Bu əməkdaşlıq həm də Serbiyanın enerji təhlükəsizliyini gücləndirir, Azərbaycanın Avropa enerji bazarındakı rolunu artırır.
Azərbaycan və Serbiya arasında digər sahələrdə olduğu kimi təhsil və elm sahəsində də sıx əməkdaşlıq mövcuddur. Bu istiqamətdə bir sıra dövlətlərarası razılaşmalar və sazişlər imzalanıb, qarşılıqlı diplomların tanınması və akademik əlaqələrin genişləndirilməsi təşviq olunur. Bu sənədlər çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə araşdırmalar, kitab və dərslik nəşri və akademik-elmi əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “World in Serbia” dövlət layihəsi çərçivəsində Azərbaycan vətəndaşları üçün Serbiyada təqaüd proqramı elan edilib. Son dövrlərdə Serbiyada Azərbaycanlı tələbələr üçün qrantlar, qısa kurslar və təhsil proqramları genişləndirilib. 2025/2026-cı akademik ili üçün bir neçə Azərbaycanlı tələbə Serbiyada təhsil alır.
2011-ci ildə Belqradda Təhsil, Mədəniyyət və Gənclər üzrə üç əsas saziş imzalanıb. Bunlar “Təhsil sahəsində əməkdaşlıq sazişi”, “Gənclər və idman sahəsində əməkdaşlıq haqqında” saziş, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında” olan sənədlərdir.
17 mart 2023-cü ildə Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında ikitərəflı memorandum imzalanıb. Bu sənəd yalnız mədəni deyil, həm də turizm və elm sahələrini də əhatə edir.
15 noyabr 2025-də Belqrad Filarmoniyasında məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubiley konserti təşkil olunub və hər iki ölkənin milli musiqisi orada səsləndirilib.
Elm və mədəni sahədə əməkdaşlıq xalqlarımız və ölkələrimiz arasında qarşılıqlı anlayışı artırır, siyasi, iqtisadi, turizm və digər sahələrdəki münasibətlərin möhkəmlənməsinə təkan verir, həmçinin uzunmüddətli strateji tərəfdaşlıq üçün sosial baza yaradır. Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlıq siyasi və iqtisadi tərəfdaşlığı tamamlayan mühüm istiqamətlərdən biridir. Bundan əlavə, mədəniyyətlərarası dialoq təşəbbüsləri, multikulturalizm mövzusunda forumlar, QHT-lər arasında əməkdaşlıq, Gənclər forumları, qadın və gənclər təşkilatları arasında təmaslar və bir sıra digər əlaqələr son nəticədə xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdıran amillərdəndir.
Belqradda mətbuat üçün çıxışı zamanı sözünü davam etdirərək, cənab Prezident İlham Əliyev daha sonra demişdir: “Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik”.
Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya etdiyi son səfəri də bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyevin şəxsi münasibətləri zəminində formalaşır.
Dövlətimizin başçısı dost ölkənin inkişafı və uğurlarından danışaraq vurğulamışdır: “Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik. Həqiqətən, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl biz təkbətək görüşümüzdə məsələlərin geniş spektrinə toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”. Prezident İlham Əliyev Serbiyada investisiya iqlimi müsbət olduğu üçün, bura xarici investorlar üçün cəlbedici olduğunu qeyd edərək, məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən də Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirmişdir.

dos. Kamran Hacıyev,
Bakı Slavyan Universitetinin kafedra müdiri 

Oxşar Xəbərlər

Back to top button