
Fevralın 15–16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında təkbətək görüş baş tutmuş, hər iki liderin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilmişdir. Eyni zamanda, Belqradda iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan–Serbiya əməkdaşlığına dair sənədlərin mübadiləsi mərasimi təşkil edilmişdir.
İki ölkə arasında imzalanmış “qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”, iqtisadiyyat sahəsi üzrə “Anlaşma Memorandumu”, “media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”, “idman sahəsində Anlaşma Memorandumu” və “tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” nümayəndə heyətləri arasında mübadilə edilib.
Ardınca dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu səfər təkcə diplomatik protokol çərçivəsində həyata keçirilən rəsmi tədbir deyil, eyni zamanda strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı siyasi dəstəyin möhkəmləndirilməsi və iqtisadi, energetika, nəqliyyat, investisiya, turizm və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan mühüm mərhələ kimi qiymətləndirilir. Hər iki liderin bəyanatları münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını bir daha təsdiqlədi və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş və əhatəli yol xəritəsini ortaya qoydu.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



