
12 fevral 2026-cı il tarixində keçirilmiş müşavirədə İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş geniş və proqram xarakterli çıxış etmişdir. Bu çıxış müasir dövrdə texnologiyanın dövlətlərin inkişafında oynadığı həlledici rolu bir daha nümayiş etdirmişdir. Prezident öz nitqində vurğulamışdır ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı aparılan islahatlar faktiki olaraq ölkələrin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Müasir dünyada rəqabət artıq ənənəvi iqtisadi göstəricilərlə deyil, rəqəmsal imkanlar, innovasiya səviyyəsi və texnoloji üstünlüklərlə ölçülür. Buna görə də Azərbaycanın yeni rəqəmsal arxitektura modeli təkcə texnoloji yenilənmə deyil, həm də uzunmüddətli milli inkişaf strategiyasıdır. Prezident çıxışında xüsusi vurğulamışdır ki, süni intellektin tətbiqi və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.Bu fikir təsadüfi deyil. Süni intellekt (Al) böyük həcmli məlumatların təhlili, proqnozlaşdırma və avtomatlaşdırılmış qərarvermə imkanları ilə dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələ yaradır. Əgər ənənəvi idarəetmə modeli sənədləşmə və uzunmüddətli prosedurlara əsaslanırdısa, rəqəmsal model operativlik,çeviklik və nəticəyönümlülük prinsiplərinə söykənir. Bu yanaşma həm şəffaflığı artırır, həm də vətəndaş-dövlət münasibətləri daha sürətli və effektiv formada qurulur. Rəqəmsal transformasiyanın ən mühüm elementlərindən biri data mərkəzlərinin yaradılmasıdır. Müasir dünyada məlumat strateji resurs kimi qəbul olunur. Dövlətin informasiya ehtiyatlarının təhlükəsiz saxlanılması və idarə olunması milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Bəs data niyə bu qədər vacibdir? Dövlət qurumlarında toplanan məlumatlar-əhali qeydiyyatı, vergi məlumatları, sosial ödənişlər, səhiyyə sistemi,təhsil bazası və digər informasiyalar-ölkənin idarə olunmasında əsas rol oynayır. Əgər bu məlumatlar düzgün saxlanılmır və qorunmursa, sistemlər dayana bilər, məlumat itkisi baş verə bilər, kibercinayətlər arta bilər. Bu səbəbdən data mərkəzləri rəqəmsal dövlətin “ürəyi” hesab olunur. Data mərkəzlərinin ölkə daxilində yerləşməsi milli informasiya suverenliyini təmin edir. Bu o deməkdir ki, dövlətə məxsus məlumatlar xarici serverlərdə deyil, ölkənin öz nəzarəti altında saxlanılır. Kadr hazırlığı da çox önəmli bir faktordur. Texnologiya nə qədər inkişaf etsə də, onu idarə edən və tətbiq edən insan faktorudur. Prezident çıxışında kadr hazırlığını əsas vəzifələrdən biri kimi qeyd etmişdir. Rəqəmsal bacarığların inkişaf etdirilməsi, informasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin innovativ layihələrə cəlb olunması uzunmüddətli uğurun əsas şərtidir. Süni intellekt kompütelərin insan kimi düşünməsinə, öyrənməsinə və qərar qəbul etməsinə imkan verən texnologiyadır. Amma bu yalnız sadə proqram deyil-o, öyrənən və təkmilləşən sistemdir. Hər dəfə məlumat daxil olduqca daha ağıllı olur, nəticələr çıxarır və gələcəkdə daha dəqiq proqnozlar verə bilir. SI yalnız idarəetmədə deyil, iqtisadiyyatın müxtəlif sahələrində də inqilabi dəyişikliklər yaradır. İstehsal xətləri avtomatlaşdırılır, məhsuldarlıq yüksəlir və resurs itkisi azalır. Yeni texnoloji layihələr üçün bazar proqnozları aparılır, risklər minimuma endirilir. Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı ölkənin strateji prioritetləri arasında xüsusi yer tutur. Bu sahənin irəlilədilməsi təkcə iqtisadi potensialını gücləndirmir, həm də ölkənin rəqəmsal transformasını sürətləndirir və beynəlxalq arenada rəqabət qabiliyyətini artırır. Süni intellektin sənaye, kənd təsərrüfatı,səhiyyə,müdafiə və digər sahələrdə tətbiqi əməliyyatların daha effektiv həyata keçrilməsinə və məhsuldarlığın yüksəlməsinə böyük töhfə verir. Dövlət səviyyəsində qəbul edilmiş strategiyalar göstərir ki, süni intellekt ölkəmiz üçün prioritet sahədir və gələcəkdə rəqəmsal cəmiyyətin qurulmasında əsas rol oynayacaq. Məsələn, qlobal hesabatlar göstərir ki, süni intellekt 2030-cu ilə qədər dünya iqtisadiyyatına təxminən 15,7 trilyon dollar əlavə edə bilər. Bu rəqəm Çin və Hindistanın iqtisadi göstəricilərindən daha böyükdür. Rəqəmsallaşma istehsalat və xidmət sektorlarında insan amilindən asılılığı azaldaraq məhsuldarlığı 40%-ə qədər artırır. Hətta süni intellekt sistemləri şəhərsalma, nəqliyyat və enerji bölgüsü kimi mürəkkəb problemləri insanlardan daha dəqiq və sürətli həll edə bilir. Bu səbəbdən dünyanın bir çox ölkəsi təhsil sistemlərini yenidən qurur. Rəqəmsallaşma bəzi ənənəvi peşələri aradan çıxarır, lakin yaradıcı və yüksək texnoloji bilik tələb edən yeni sahələri açır. İnsanlar artıq hər il rəqəmsal bacarıqlarını yeniləmək məcburiyyətində qalacaqlar. Hazırda 50-dən çox ölkə milli süni intellekt strategiyasını qəbul edib və yeni çağırışlara uyğunlaşmağa çalışır. Azərbaycanın müasir inkişaf yolunda rəqəmsal keçid vahid dövlət strategiyası kimi müəyyən edilib ki, bu da qlobal çağırışlara çevik və uzaqgörən cavabdır. Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” müşavirəsi göstərdi ki, ölkəmiz rəqəmsal transformasiyanı artıq yalnız layihələr səviyyəsində deyil, vahid strategiya kimi həyata keçirir. Müşavirədə bir neçə əsas mesaj verildi. Prezident bildirdi ki,dünyada gedən texnoloji meyillər artıq aydındır: süni intellektin tətbiqi,data mərkəzlərinin qurulması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir. Dövlət başçısı vurğuladı:Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində təşəbbüslərimiz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafını təmin etməlidir.” O, həmçinin data mərkəzlərinin böyük enerji resurslarına ehtiyac duyduğunu qeyd etdi və əlavə etdi ki, Azərbaycan bu sahədə ciddi üstünlüklərə malikdir. Bu proses Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsasını təşkil edən enerji təhlükəsizliyi və texnoloji infrastrukturun vəhdətini göstərir. Süni intellekt dövrünün ən böyük ehtiyacı “hesablama gücüdür” və bu gücü təmin edən elektrik enerjisidir. Qlobal miqyasda böyük data mərkəzləri bəzən kiçik bir şəhər qədər enerji sərf edir. Süni intellektin tətbiqi Azərbaycanın iqtisadi perspektivlərini genişləndirir. Bunun üçün vətəndaşlara təqdim olunan xidmətlər daha operativ, əlçatan və şəffaf olmalı, vahid rəqəmsal platformalarda toplanmalıdır. Prezident müşavirədə xüsusi olaraq bildirdi ki, rəqəmsallaşma prosesləri dağınıq olmamalı, bütün dövlət qurumları vahid koordinasiya mərkəzləri tərəfindən əlaqələndirilməlidir: “Dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir.” Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələr rəqəmsal tranformasiya, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və məlumatların qorunmasıdır. Bu məsələlər yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizlik və ölkənin dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Bu sahəyə yüksək səviyyədə diqqət göstərilməsi, strateji planların hazırlanması və peşəkar kadrların cəlb olunması cəmiyyətdə böyük inam və nikbinlik yaradır. Bununla yanaşı, süni intellekt və rəqəmsallaşma prosesi müəyyən riskləri də özü ilə gətirir. Texnologiya nə qədər inkişaf etsə də, onun tətbiqi zamanı etik prinsiplərin qorunması vacibdir. Xüsusilə dövlət məlumat bazarlarının qorunması məsələsi prioritet olaraq qalır. Şəxsi məlumatların sızması, kibercinayət halları və informasiya manipulyasiyası kimi təhlükələr rəqəmsal dövrdə real risklərdir. Süni intellekt həm də əmək bazarında struktur dəyişikliklər yaradır. Bəzi peşələr sıradan çıxarkən, yeni və daha yüksək ixtiasas tələb edən sahələr meydana gəlir. Bu isə təhsil sisteminin yenilənməsini zəruri edir. Əks halda texnoloji inkişaf sosial bərabərsizliyi dərinləşdirə bilər. Müasir dünyada güc anlayışı dəyişir: iqtisadi və hərbi resurslarla yanaşı, rəqəmsal imkanlar və informasiya üstünlüyü əsas amilə çevrilir. Rəqəmsallaşma artıq seçim deyil,zərurətdir. Texnologiyanı sadəcə izləyən deyil, onu yaradan və idarə edən ölkələr gələcəyin qalibi olacaq. Azərbaycanın qarşısında duran vəzifə isə bu prosesdə passiv iştirakçı deyil, fəal və təşəbbüskar tərəf olmaqdır.
Hürü Muradova,
Bakı Slavyan Universitetinin tələbəsi



