
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilən rəqəmsal transformasiya məsələlərinin yüksək səviyyədə müzakirə olunduğunu göstərdi. Dövlətimizin başçısının çıxışı müasir dövrdə rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılmasının milli inkişaf modelində prioritet yer tutduğunu aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev vurğuladı ki, dünyada gedən qlobal meyillər və texnoloji trendlər ölkələrin iqtisadi və sosial inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilmişdir və Azərbaycan bu prosesdən kənarda qala bilməz. Bu baxımdan, rəqəmsal inkişaf məsələsinin gələcək fəaliyyət planlarında əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsi ölkənin uzunmüddətli, dayanıqlı inkişafının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın mövcud üstünlüklərinə diqqət çəkərək bildirdi ki, ölkəmiz enerji, nəqliyyat və beynəlxalq bağlantılar sahəsində zəngin təcrübəyə malikdir və bu təcrübə rəqəmsal sahədə də yeni imkanların yaradılması üçün möhkəm zəmin formalaşdırır. Neft-qaz layihələri, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin reallaşdırılması Azərbaycanı regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıdıb və bu layihələrin həyata keçirilməsi zamanı əldə edilmiş texniki biliklər, bacarıqlar və beynəlxalq əlaqələr rəqəmsal transformasiya prosesində də mühüm rol oynaya bilər. Dövlətimizin başçısı qeyd etdi ki, mövcud nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə çevrilməli və ölkənin rəqəmsal bağlantı potensialı daha da gücləndirilməlidir.
Azərbaycanın coğrafi mövqeyi Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq vurğulanan əsas üstünlüklərdən biri kimi qeyd edildi. Asiya ilə Avropa arasında yerləşən ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməklə tranzit və logistik imkanlarını uğurla reallaşdırmışdır. Dövlətimizin başçısı bildirdi ki, coğrafi mövqe yalnız üstünlük kimi mövcud olmaqla kifayətlənməməli, onu inkişafın hərəkətverici qüvvəsinə çevirmək lazımdır və Azərbaycan bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə edib. Bu üstünlük rəqəmsal bağlantılar sahəsində də səmərəli istifadə edilməli, fiber-optik kabel xətləri və beynəlxalq data tranziti üzrə ölkəmizin rolu gücləndirilməlidir.
Prezident İlham Əliyev çıxışını yekunlaşdıraraq bildirdi ki, bugünkü müşavirə və rəqəmsal inkişaf məsələlərinin Prezidentin birbaşa nəzarəti altında olması Azərbaycanın tərəfdaşlarına bu sahənin prioritet olduğunu göstərən ciddi mesajdır. Dövlətimizin başçısı fəaliyyət planının tezliklə hazırlanaraq təqdim edilməli olduğunu və müzakirə olunan bütün məsələlərin həmin plana daxil edilməsinin vacibliyini qeyd etdi.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planına həsr olunmuş müşavirə Azərbaycanın rəqəmsal transformasiya yolunda yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında səsləndirilən strateji hədəflər, konkret tapşırıqlar və prioritet istiqamətlər ölkənin rəqəmsal iqtisadiyyatının formalaşdırılması, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və kibertəhlükəsizliyin təmin edilməsi sahəsində kompleks və sistemli yanaşmanın əsasını qoyur. Bu isə Azərbaycanın qlobal rəqəmsal məkanda rəqabətqabiliyyətli və innovativ dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkənin iqtisadi və sosial inkişafına yeni impuls verəcəkdir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



