
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfərlə Belqrada gəlib. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Serbiyanın paytaxtına siyasi dialoqun davam etdirilməsi və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə səfər edib. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib. Görüşdə dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan-Serbiya əlaqələri ildən ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir.
Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir”.
İqtisadi əməkdaşlıq siyasi münasibətlərin möhkəmlənməsində əsas dayaqlardan biridir: “Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin yatırılması və birgə layihələrin icrası ölkələr arasında qarşılıqlı etimadı gücləndirir. Bu baxımdan Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Energetika sahəsində əməkdaşlıq xüsusilə strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxışı baxımından Serbiya ilə tərəfdaşlıq yeni imkanlar yaradır. Eyni zamanda, nəqliyyat-logistika layihələri Orta Dəhliz çərçivəsində əməkdaşlığı daha da dərinləşdirə bilər. İqtisadi inteqrasiya siyasi dialoqu daha dayanıqlı edir, tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır.
Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və sənaye, o cümlədən birgə istehsal müəssisələrinin yaradılması, təhsil və mədəniyyət əməkdaşlıq üçün geniş potensiala malikdir. Bu və digər istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər. Eyni zamanda, Serbiya ilə münasibətlərin dərinləşməsi Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir.
Səfər zamanı əməkdaşlığa dair sənədlər mübadilə olunub. Azərbaycan və Serbiya hökumətləri arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı sazişlər imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi dialoqun artan xətt üzrə inkişaf etdiyini göstərir. Birgə mətbuat bəyanatında liderlər vurğulayıblar ki, qarrşılıqlı investisiya iştirakını genişləndirməyə və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə hazırdırlar.Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi dialoq, enerji əməkdaşlığı və iqtisadi tərəfdaşlıq istiqamətlərində əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin daha da dərinləşəcəyinə işarə edir.
Gülər Məmmədbəyli,
Xəzər rayonu, Ramiz Qasımov adına
216 nömrəli tam orta məktəbin müəllimi



