AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir

Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür.

Dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Son illər ərzində müxtəlif dövlət qurumları – nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir.

Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar.

Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button