
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə ölkə başçısı mühüm məqamlara toxunmuş, süni intelekt, rəqəmsallaşma, kibertəhlükəsizlik barədə tədbirlər planının hazrlanması və bunların bütün sahələrdə olduğu kimi təhsil sahəsində tətbiqi, ölkədə rəqəmsallaşmaya gedilməsi ilə əlaqədar vacib tapşırıqlar vermişdir. Ölkə Prezidenti, Cənab İlham Əliyev müşavirədə vurğulamışdır ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin ortamüddətli dövrdə əsas strateji hədəflərindən biri olan rəqəmsal inkişafa çatmaq üçün yeni prioritetləri müəyyənləşdirmək, bu istiqamətdə dövlət qururmlarının fəaliyyətinin koordinasiyası və zəruri tədbirlərin icrasını tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı istiqamətdə indiyədək müəyyən işlər görülüb. Belə ki, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb.
Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət buludu”) tam şəkildə qurulub. Hazırda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara, biznes subyektlərinə və əcnəbilərə təxminən 400-ə yaxın xidmət göstərilir. Xidmətlərin sistemləşdirilməsi və təkrarlığın qarşısını almaq məqsədilə yaradılmış “Dövlət Xidmətlərinin Elektron Reyestri” portalında 945 dövlət xidməti rəqəmsal olaraq təsdiq edilərək istifadəyə verilib.
Azərbaycan qlobal trendlərin əsasında rəqəmsal intibaha keçid üçün bütün səylərini səfərbər etməyi nəzərdə tutur və strateji baxış buna fokuslanıb. Beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır.
Müasir dövrdə qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi rəqəmsal texnologiyalar hesab olunur. Rəqəmsallaşma dövlət idarəçiliyindən başlayaraq iqtisadiyyatın bütün sahələrinə nüfuz edir, şəffaflığı artırır, operativliyi təmin edir və vətəndaş məmnunluğunu yüksəldir. Məhz bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kadr hazırlığını əsas vəzifələrdən biri kimi dəyərləndirmişdir. Prezident vurğulamışdır ki, rəqəmsal transformasiya yalnız texniki infrastrukturun qurulması ilə məhdudlaşmır. Əsas məsələ bu sistemi idarə edə bilən, innovativ yanaşmalara açıq, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsidir. Bu isə birbaşa insan kapitalının inkişafı ilə bağlıdır.
Cənab Prezidentin toxunduğu hər bir sahə ölkəmizin gələcəyi üçün vacib sahələrdir. Biz də bir vətəndaş olaraq öz üzərimizə düşən tapşırıqları layiqincə yerinə yetirməli və əlimizdən gələni əsirgəməyərək bu inkişaf üçün öz töhfəmizi verməliyik.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



