AnalitikaGündəmSiyasət

Enerji təhlükəsizliyi və yeni əməkdaşlıq perspektivləri: Bakı-Vaşinqton xəttində strateji enerji

Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında enerji əməkdaşlığı əsas istiqamətlərdən biri kimi ön plana çıxır. Bu, təsadüfi deyil. Azərbaycan artıq Avropa və daha geniş coğrafiya üçün etibarlı enerji təchizatçısı kimi tanınır. Hazırda ölkə 16 dövlətin enerji təhlükəsizliyində rol oynayır və onların əksəriyyəti ABŞ-ın müttəfiqləridir.

Enerji diplomatiyası Azərbaycan xarici siyasətinin əsas sütunlarından biridir. “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi layihələr ölkənin qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Yeni Xartiya bu təməlin üzərində daha geniş əməkdaşlıq platforması qurur.

Sənəddə neft və qazla yanaşı, elektrik enerjisi, interkonnektor layihələri və təchizat marşrutlarının şaxələndirilməsi məsələləri yer alır. Bu, enerji təhlükəsizliyinin yalnız hasilatla deyil, həm də ötürmə və infrastrukturla bağlı kompleks yanaşma tələb etdiyini göstərir. ABŞ ilə əməkdaşlıq bu baxımdan texnologiya və investisiya baxımından əlavə imkanlar yarada bilər.

Xartiyada diqqət çəkən məqamlardan biri mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi niyyətidir. Bu, Azərbaycanın enerji balansını şaxələndirmək və uzunmüddətli dayanıqlılığı təmin etmək planlarının bir hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-ın bu sahədə zəngin təcrübəsi və texnoloji imkanları mövcuddur.

Bundan əlavə, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranziti məsələsi də qeyd edilir. Qlobal enerji keçidi fonunda litium, kobalt və digər strateji resurslara tələbat artır. Azərbaycan tranzit ölkə kimi bu sahədə mühüm rol oynaya bilər.

Enerji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələsi NATO müttəfiqləri üçün prioritetdir. Azərbaycanın bu sahədə oynadığı rol Vaşinqtonla əlaqələrin strateji xarakterini gücləndirir.

Beləliklə, yeni Xartiya enerji sahəsində mövcud əməkdaşlığı daha geniş və sistemli çərçivəyə salır. Bu, həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri

Oxşar Xəbərlər

Back to top button