AnalitikaGündəmSiyasət

Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edib. ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu nümayiş etdirən bu səfər Vaşinqton–Bakı münasibətlərinin dinamikasında yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisədir.

Dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq hər bir ölkə üçün xüsusi önəm daşıyır. Belə bir tərəfdaşlıq həm böyük məsuliyyət, həm də böyük şərəfdir. Bu əməkdaşlıq sabitlik, rifah və davamlı inkişaf naminə atılan mühüm addımdır.

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edərək Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlığını bildirən prezident İlham Əliyev Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürü olduğunu qeyd edib.

“Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.”- söyləyən dövlətimizin başçısı ötən ilin avqustunda Ermənistan və Azərbaycanın Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanmasından və Prezident Trampın, həmçinin şahid kimi Sülh haqqında Birgə Bəyannaməni imzalamasından sonra artıq altı aydır ki, sülh şəraitində yaşadığını və sülh içində yaşamağı öyrəndiyini xüsusi minnətdarlıqla bəyan edib.

Dövlətimizin başçısı bəyanatında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) strateji əhəmiyyətinə xüsusi toxunub. Həmin marşurutun nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi kimi gələcəkdə fəaliyyət göstərəcəyini söyləyən Prezident İlham Əliyev bildirib ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Bəli, bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Vitse-prezident Vensin ölkəmizə səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə heyətinin altı aylıq gərgin işinin və səylərinin nəticəsi, iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının tarixi təsdiqidir. Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, real layihələr və konkret istiqamətlər üzrə fəaliyyət proqramıdır. 4 bölümdən ibarət olan Xartiyada strateji əməkdaşlığın prioritet istiqamətləri öz əksini tapıb. Eyni zamanda ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi bir daha təsdiqlənib.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button