
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını açıq şəkildə nümayiş etdirdi. Bu səfər və onun nəticələri təkcə iki dövlət arasında əlaqələrin dərinləşməsi deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açır.Prezident İlham Əliyev çıxışında Tramp–Vens administrasiyasına Azərbaycana göstərilən müsbət münasibətə görə dərin minnətdarlığını ifadə etdi. Dövlət başçısının sözlərinə görə, dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir. Bu münasibətlər artıq sadəcə əməkdaşlıq…deyil, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan tərəfdaşlıq səviyyəsinə yüksəlib.Prezidentin bəyanatında xüsusi yer tutan məqamlardan biri Ermənistan–Azərbaycan sülh prosesinə ABŞ-ın verdiyi töhfə oldu. 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması region üçün tarixi hadisə kimi qiymətləndirildi. Artıq altı aydır ki, bölgədə sülh şəraiti hökm sürür və tərəflər sülh içində yaşamağa uyğunlaşırlar. Bu, uzun illər davam edən münaqişədən sonra bölgədə sabitliyin bərqərar olması üçün real imkanlar yaradır.
Tramp–Vens administrasiyasının regionda mühüm təşəbbüslərindən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulandı. Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı əlaqələndirən etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi yaradacaq. Azərbaycanın Ermənistana gedən yüklərin tranziti üçün bütün məhdudiyyətləri aradan qaldırması və neft məhsullarının təchizatına başlaması sülhün artıq real iqtisadi məzmun kəsb etdiyini göstərir.Azərbaycanın enerji sahəsində oynadığı strateji rol da Prezident İlham Əliyevin bəyanatında ön plana çəkildi. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onlardan 11-i NATO üzvü və ABŞ-ın müttəfiqləridir.
Cənub Qaz Dəhlizi və “Əsrin müqaviləsi” kimi layihələr Azərbaycan–ABŞ əməkdaşlığının real nəticələri olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində ölkəmizin əvəzsiz rolunu təsdiqləyir.Strateji tərəfdaşlığın yeni mərhələsində süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirdi ki, ABŞ-ın aparıcı şirkətləri ilə birgə AI data mərkəzlərinin yaradılması artıq gündəmdədir və ilkin nəticələr əldə olunub. Bu istiqamət Azərbaycanın innovasiya yönümlü inkişaf strategiyasına uyğun olmaqla, ölkəmizi regionda rəqəmsal mərkəzə çevirmək potensialına malikdir.Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da iki ölkə arasında tərəfdaşlığın əsas sütunlarından biridir. Antiterror fəaliyyətinin genişləndirilməsi, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması, müdafiə sənayesi məhsullarının satışı sahəsində yeni mərhələnin başlanması münasibətlərin daha da dərinləşdiyini göstərir. Bununla yanaşı, ABŞ-ın humanitar minatəmizləmə sahəsində Azərbaycana maliyyə və texnoloji dəstək göstərmək niyyəti işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərində yeni dövrün başlanğıcını rəsmiləşdirdi. Bu münasibətlər artıq siyasi etimad, iqtisadi tərəfdaşlıq, texnoloji əməkdaşlıq və regional sülhə xidmət edən strateji xətt üzərində qurulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər tarixidir, çünki Azərbaycan–ABŞ əlaqələri sadəcə əməkdaşlıqdan strateji tərəfdaşlıq mərhələsinə keçib.
Quliyeva Kəmalə,
Xəzər rayonu, 123 nömrəli tam orta məktəbin müəllimi



