AnalitikaGündəmSiyasət

Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev 2-5 fevral 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdə olmuşdur.

Cənab Prezidentimiz fevralın 2-də paytaxt Əbu-Dabi şəhərində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla, fevralın 3-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşmüşdür.

Fevralın 3-də Dövlət Başçımız və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləmişlər.

Prezident İlham Əliyev həmçinin fevralın 4-də Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla da görüşmüşdür.

Fevralın 4-də Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmiş, Cənab Prezidentimiz həmin mükafatla təltif olunmuşdur.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity) Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 2019-cu ildə təsis olunmuş, BƏƏ-nin qurucu lideri Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu beynəlxalq mükafatdır. Mükafatın məqsədi dünyada sülhü, insan qardaşlığını, tolerantlığı, dinlər və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Bu mükafat irqindən, dinindən və millətindən asılı olmayaraq insanlıq dəyərlərinin qorunmasına, qarşılıqlı hörmətə və birgəyaşayışa töhfə verən şəxslərə və təşkilatlara təqdim olunur. Mükafat beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən simvolik təşəbbüs kimi tanınır.

Prezident İlham Əliyevin mərasimində etdiyi çıxış beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Dövlət Başçımızın çıxışında Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı səsləndirdiyi “bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir” fikri postmünaqişə dövrünün mahiyyətini və Azərbaycanın gələcəyə yönəlik strateji baxışını aydın şəkildə ifadə edir.

Uzun illər davam edən münaqişə Cənubi Qafqazda sabitliyə, əməkdaşlığa və inkişafa ciddi maneələr törətmişdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni siyasi reallıq formalaşıb. Bu reallığın mərkəzində isə sülh, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sülhün təşəbbüskarı və əsas təminatçısı kimi çıxış edir.

Azərbaycan–Ermənistan arasında dayanıqlı sülhün əldə olunması yalnız iki dövlət arasında münasibətlərin normallaşması demək deyil. Bu proses bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun qlobal əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tam fəaliyyətə başlaması region ölkələri üçün yeni inkişaf imkanları yaradır.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bu fikirlər Azərbaycanın beynəlxalq sülh gündəliyinə verdiyi töhfələrin məntiqi davamıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu beynəlxalq platformada səslənən bu mesaj bir daha sübut edir ki, Azərbaycan sülhü yalnız milli maraqlar prizmasından deyil, ümumbəşəri dəyərlər kontekstində dəyərləndirir. İnsan qardaşlığı, qarşılıqlı anlayış və əməkdaşlıq prinsipləri Azərbaycanın xarici siyasətinin əsas sütunlarını təşkil edir.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button