
4 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış müasir dövrün ən mühüm siyasi və humanitar mesajlarından biri kimi yadda qaldı. Dövlət başçısının çıxışı təkcə şəxsi təltif kimi deyil, eyni zamanda Azərbaycan dövlətinin sülh, əməkdaşlıq və dialoq siyasətinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu.
Prezident İlham Əliyev çıxışında bu nüfuzlu mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğulayaraq, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin dünya miqyasında dərin hörmət qazanan lider olduğunu qeyd etdi. Onun uzaqgörən siyasəti nəticəsində BƏƏ-nin bu gün sülh, rifah və multikultural dəyərlər üzərində qurulmuş uğurlu dövlətə çevrildiyi xüsusi vurğulandı. Prezident Şeyx Məhəmməd bin Zayedin atasının yolunu layiqincə davam etdirdiyini və ölkəsini gələcəyə inamla aparan lider olduğunu da diqqətə çatdırdı.
Çıxışın əsas məğzini Azərbaycan və Ermənistan arasında əldə olunan sülh prosesi təşkil edirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı uzun illər müharibə şəraitində yaşadıqdan sonra artıq sülhü öyrənir və bu, tamamilə yeni bir tarixi mərhələdir. Vaşinqtonda keçirilən Zirvə Görüşündən sonra keçən altı ayın tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real addımlarla yadda qaldığını qeyd edən dövlət başçısı bu prosesdə beynəlxalq ictimaiyyətin rolunu yüksək qiymətləndirdi.
Prezident ABŞ Prezidenti Donald Trampın sülh prosesinə verdiyi töhfəni xüsusi vurğuladı. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığını, Birgə Bəyannamənin imzalandığını və bununla da üç onillikdən artıq davam edən münaqişəyə son qoyulduğunu xatırlatdı.
Dövlət başçısı çıxışında praktiki əməkdaşlıq məsələlərinə də toxundu. Bildirildi ki, Azərbaycan təkcə Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb, eyni zamanda neft məhsullarının ixracına da başlayıb və bu addımlar iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasına və qarşılıqlı etimadın bərpa olunmasına xidmət edir.
Prezident İlham Əliyev dinlərarası dialoqa verdikləri töhfəyə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya da minnətdarlığını bildirdi. Çıxışın yekununda Prezident İlham Əliyev bildirdi ki, uzunmüddətli münaqişəyə, qarşılıqlı etimadsızlığa və ağrılı keçmişə baxmayaraq, sülh mümkündür. Əsas şərt güclü siyasi iradənin mövcudluğu və beynəlxalq dəstəyin təmin olunmasıdır. Əbu-Dabidə keçirilən bu mərasimin rəmzi məna daşıdığını qeyd edən dövlət başçısı son danışıqların məhz burada aparıldığını və yekun razılaşmanın daha sonra Vaşinqtonda rəsmiləşdirildiyini xatırlatdı.
Prezidentin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal sülh təşəbbüslərinin fəal iştirakçısıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin rəsmi təsdiqi kimi tarixə düşdü.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


