AnalitikaGündəmSiyasət

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

“Bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti gənclərimizdir. Sizsiz əziz Azərbaycanın övladları! Siz Azərbaycanın 21-ci əsrdə bayrağını daha da yüksəklərə qaldıranlarısız!” – Ümummilli Lider Heydər Əliyev

Gənclərin inkişafına göstərilən diqqət Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Ulu Öndər Heydər Əliyev gəncləri xalqımızın gələcəyi hesab edir və onların rifahı, təhsili üçün daima çalışırdı. 1993-cü ildən etibarən dövlət siyasətində gənclərin hüquq və imkanlarının qorunması prioritet istiqamətlərdən birinə çevrilmişdir.

1996-cı ildə başlayan Gənclər Forumu ənənəsi illər boyunca davam etdirilmiş və müəyyən dövrlərdə yenidən təşkil olunmuşdur. Forumun əsas məqsədi dövlət siyasətində gənclərə göstərilən diqqət və qayğını daha da gücləndirməkdir. 1997-ci il fevralın 1-də forumun birinci ildönümündə Ulu Öndər bir qrup gənci qəbul etmiş və verdiyi sərəncama əsasən, hər il fevralın 2-si Azərbaycanda rəsmi olaraq Gənclər Günü kimi qeyd olunmağa başlanmışdır. Bununla da bu gün yalnız Azərbaycanda deyil, MDB və Şərqi Avropa ölkələri arasında da yüksək səviyyədə qeyd edilməyə başlandı.

Azərbaycanda Gənclər Forumu mütəmadi olaraq keçirilir. İkinci forum 1999-cu ildə təşkil edilmiş, burada Ulu Öndər gənclərin Azərbaycanın gələcəyi olduğunu və ölkənin taleyinin onların əlində olduğunu vurğulamışdır. 2003-cü il oktyabrın 13-də üçüncü forum keçirilmiş, əvvəlki illərdə görülən işlər qiymətləndirilmiş və gələcək addımlarla bağlı çıxışlar edilmişdir.

Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsili, rifahı və inkişafı daim dövlət başçısının prioritet məsələlərindən biridir. Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi və 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nın təsdiq olunması bunun bariz nümunəsidir. Bu strategiyanın əsas məqsədi gənclərin bütün sahələrdə fəal iştirakını təmin etmək və onların yaradıcı, innovativ potensialını üzə çıxarmaqdır.

Azərbaycan gəncliyinin ən böyük sınağı 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi olmuşdur. Bu müharibədə gənc igidlərimiz qəhrəmanlıq göstərmiş, 30 il işğal altında qalmış torpaqlarımızı düşməndən azad etmişdir. Bir çox gəncimiz şəhid və qazi olmuş, eyni zamanda Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu göstərmişdir və gələcək nəsilə olan inamı artırmışdır.

Azərbaycan gəncləri könülü kimi də fəaldır. Bu fəaliyyətlər gənclərə liderlik, təşkilatçılıq və kommunikasiya bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Prezident İlham Əliyev də gənclərin bu təşəbbüslərini dəstəkləyir. Onun 2019-cu il dekabrın 30-da imzaladığı sərəncama əsasən 2020-ci ili “Könüllülər ili” elan etmişdir.

Beləliklə, Azərbaycan gəncləri dövlət və cəmiyyətin inkişafında aparıcı rol oynayır. Gənclərimizin fəallığı, bilik və bacarıqları gələcək nəsillərə olan ümid və inamı artırır.Azərbaycan gəncləri həm milli inkişafın, həm də ölkəmizin dünya arenasında yüksəlməsinin mühüm dayağıdır.

Məzahir Abıyev,
Bakı Slavyan Universiteti Sosial Elmlər və Regionşünaslıq fakültəsinin jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi 

Oxşar Xəbərlər

Back to top button